Yamaykadan Kral Çarlza köləlik təzminatı ilə bağlı petisiya



Yamayka hökuməti köləliyə görə təzminatla bağlı petisiyanı bazar ertəsi Kral Çarlza təqdim edəcək.

AFN.az xəbər verir ki, ölkənin Mədəniyyət naziri Olivya Qranje Yamaykanın dövlət başçısı olan Kraldan afrikalıların Yamaykada kölə edilməsinin qanuniliyinə dair üç sualı ölkənin ən yüksək məhkəmə instansiyası olan Gizli Şura Məhkəmə Komitəsinə (JCPC) göndərməsini istəyəcəklərini açıqlayıb.

Qranje bu addımın Afrikalı əcdadların yüz illər boyu məruz qaldığı ən dəhşətli istismara çoxdan gözlənilən həll yolunun əsasını qoya biləcəyini bildirib.

Qranje həmçinin müstəmləkəçilik dövründə ölkədən aparılmış tarixi əsərlərin qaytarılmasını müzakirə etmək üçün Britaniya Muzeyinin rəsmiləri ilə görüşəcək.

Yamayka hökumətinin Kraldan Gizli Şura Məhkəmə Komitəsinə göndərilməsini istədiyi üç sual bunlardır: Yamaykada afrikalıların kölə edilməsinin Britaniya qanunlarına əsasən qanuni olub-olmaması, beynəlxalq hüququ pozub-pozmadığı və Britaniyanın bu gün təzminat ödəmək üçün hüquqi öhdəliyinin olub-olmaması.

Birbaşa ödəniş tələbi ehtiva etməyən petisiya əvvəlcə Krala təqdim ediləcək, daha sonra Məhkəmə Komitəsinə göndəriləcək.

Kral Çarlzın məsələnin Məhkəmə Komitəsinə göndərilməsi ilə bağlı şəxsi mülahizə səlahiyyəti yoxdur.

Qranje “Bu suallara cavab və ya reaksiya aldıqdan sonra atılacaq növbəti addımlar müəyyənləşdiriləcək” deyib.

Bukingem Sarayı petisiyanın prosedura uyğun şəkildə təqdim edilməsini təmin etmək üçün Yamaykanın general-qubernatoru ilə sıx əməkdaşlıq edildiyini bildirib.

Sarayın sözçüsü “Əlahəzrət köləlik məsələsi ətrafında daha geniş anlayışın formalaşdırılması və müasir cəmiyyətlərin xeyrinə keçmişdəki səhvlərin düzəldilməsi yollarının tapılması istiqamətində şəxsi və səmimi qətiyyətini dəfələrlə ifadə edib” açıqlamasını verib.

1833-cü ildə imperiyanın böyük hissəsində köləlik ləğv edilərkən Britaniya hökuməti kölə sahiblərinə təzminat olaraq 20 milyon funt sterlinq ödəyib. Bu vəsaiti təmin etmək üçün götürülən kreditlərin ödənişi 2015-ci ildə başa çatıb.

Qranje “2015-ci ilə qədər Britaniya bizim xalqımız və əcdadlarımız mülk kimi qəbul edildiyi üçün kölə sahiblərinə ödəniş edirdi. Əsl sual belə olmalıdır: müasir dövrdə köləliyin ləğvi səbəbindən xalqımızın mülk sayılmasına görə kölə sahiblərinə hələ də ödəniş edilirdisə, bu gün niyə hüquqi yola müraciət etməyək?” deyə bildirib.

Qranje müstəmləkəçilik dövründə Yamaykadan aparılmış əsərlərin qaytarılması ilə bağlı danışıqları irəlilətmək məqsədilə Britaniya Muzeyinin rəsmiləri ilə də görüşəcək. Nazir “Bu əsərlər əvəzsizdir və Yamaykanın hekayəsi üçün böyük əhəmiyyət daşıyır. Onları evə qaytarmaq üçün çalışırıq” ifadələrini işlədib.

Britaniyanın həmin dövrdəki Baş naziri Deyvid Kemeron 2015-ci ildə Yamaykaya səfəri zamanı Britaniyanın tarixi kölə ticarətindəki roluna görə təzminat ödəmək variantını istisna etmişdi.

Yamayka parlamentində deputatlara müraciət edən Kemeron köləliyin bütün formaları ilə iyrənc olduğunu deyib və bu ağrılı mirası geridə qoyaraq gələcək üçün quruculuğu davam etdirməyə ümid etdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu