"MedEra Hospital"da xəstənin sol əvəzinə sağ ayağı əməliyyat edilib - VİDEO
71 yaşlı Şəki şəhər sakini Dövlət Abdullayeva “Medera Hospital”da keçirdiyi əməliyyatdan sonra problemlə üzləşdiyini iddia edir.
AFN.az xəbər verir ki, Dövlət Abdullayeva Gürkan adlı həkimin onun əməliyyat olunmalı olan sol ayağı əvəzinə sağ ayağına müdaxilə etdiyini bildirib.
Onun sözlərinə görə, son 20 ildə ayaqları ilə bağlı ciddi problemlər yaşayıb və müxtəlif vaxtlarda dəfələrlə əməliyyat olunub:
“20 ildir bu zülmdəyəm, əzab çəkirəm. Neçə yerə getmişəm. Bir ayağımdan 8 dəfə, digərindən isə 6 dəfə əməliyyat olunmuşam. Hansı həkimə gedirəmsə, üz döndərirlər. Ayağıma implant qoyulub, gəzmək istədiyim zaman gördüm ki, şuruplar çıxdı. 5 şurup çıxardı ayağımdan. Ayağımın içərisində məftillər var, onlar da mənə ağrı verir. Biz həkimə dedik ki, sağ ayağıma dəymə, solu əməliyyat et. Məni necə şikəst qoyubsa, gəlsin əməliyyat etsin. Dözə bilmirəm”, - deyə Dövlət Abdullayeva vurğulayıb.
Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.
Klinikanın açıqlamasına görə, daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə tibb müəssisəsinə dəvət edilib və rəhbərliklə mütəxəssislərin iştirakı ilə konsilium keçirilib:
“Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib, ikiaylıq müalicə yazıb. Müalicə başa çatdıqdan sonra klinikaya gəlməsini və təmənnasız olaraq əməliyyat ediləcəyini onlara bildirib. Klinika ilə razılaşan D.Abdullayeva rayona qayıdıb. Lakin məlum olub ki, o və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müvafiq orqanlara əsassız olaraq şikayət ediblər”, - klinikadan qeyd olunub.
Abdullayevlər ailəsi əməliyyatı həyata keçirən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və Azərbaycana geri qayıtmayacağını bildirib. Qarşı tərəf isə həkimin hazırkı vəziyyəti ilə bağlı hər hansı açıqlama verməyib.
Daha ətraflı Baku TV-nin reportajında:


