"Medera Hospital" əmək müqaviləsi pozuntusuna görə cərimələndi

"Medera Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, klinika barəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməməsinə görə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, bu ilin fevral ayında vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Nəticədə "Medera Hospital" MMC və bir sıra şirkətlərin vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.