Amazon Mayamidəki qəzadan sonra yükdaşıma şirkəti ilə əməkdaşlığı dayandırıb



Amazon bu ay Mayamidə ölümlə nəticələnən qəzaya düşən yük təyyarəsini istismar edən şirkətlə əməkdaşlığını dayandırdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Amazonun sözçüsü faciəli hadisədən sonra araşdırmaya dəstək verdiklərini və mövcud vəziyyəti nəzərdən keçirdiklərini bildirərək “21 Air” şirkəti ilə əməliyyatların dayandırılması barədə qərar qəbul etdiklərini açıqlayıb.

Sentyabrın 6-da “21 Air” tərəfindən istismar olunan Boeing yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq nəqliyyat vasitələrinə çırpılıb. Qəza nəticəsində 5 nəfər həyatını itirib.

BBC-nin əlaqə saxladığı “21 Air” şirkəti hadisədən təəssüf hissi keçirdiyini və səlahiyyətli qurumlarla əməkdaşlıq etdiyini bildirib. Şirkətin icraçı direktoru Kit Vinter əsas prioritetlərinin qəzadan zərər çəkənlərə dəstək olmaq və aidiyyəti qurumlara kömək göstərmək olduğunu deyib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya rəhbərlik edir. Şuranın müstəntiqləri hadisəyə səbəb olan şərtləri müəyyənləşdirmək məqsədilə uçuş məlumatlarını qeyd edən cihazları tapıblar.

Araşdırma çərçivəsində bildirilib ki, təyyarədəki pilotlardan biri uçuş-enmə zolağından çıxmazdan əvvəl təyyarənin sürətinin həddindən artıq yüksək olduğunu digər pilota dəfələrlə deyib.

Açıqlamada hündürlük xəbərdarlığı siqnalının işə düşməsinə baxmayaraq, buna ardıcıl şifahi cavab verilmədiyi qeyd olunub.

Mayami rəsmiləri qəza nəticəsində həyatını itirən şəxslərin kimliyini açıqlayıb. Hadisə zamanı daha 5 nəfərin yaralandığı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu