ABŞ-lilərin əksəriyyəti süni intellektin bəşəriyyəti məhv edə biləcəyini düşünür



ABŞ-də keçirilən sorğu ölkə əhalisinin əksəriyyətinin süni intellektin gələcəkdə bütün bəşəriyyəti məhv edə biləcəyinə inandığını ortaya qoyub.

AFN.az xəbər verir ki, “Politico”nun keçirdiyi sorğuda son günlər süni intellektin bəşəriyyəti məhv edib-etməyəcəyi ilə bağlı aparılan müzakirələr fonunda ABŞ vətəndaşlarının bu məsələyə münasibəti öyrənilib.

Sorğuda iştirak edənlərin üçdə biri süni intellektin bəşəriyyəti məhv edə biləcəyi riskini orta səviyyədə qiymətləndirib. Respondentlərin 17 faizi bu riskin demək olar ki, qaçılmaz, 20 faizi isə ciddi dərəcədə yüksək olduğunu bildirib.

Sorğuda iştirakçıların siyasi baxışlarından asılı olaraq bu riski necə qiymətləndirdikləri də araşdırılıb.

2024-cü ildə ABŞ-də keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verənlərin 70 faizi bu riski orta səviyyədə qiymətləndirib. Donald Trampa səs verənlər arasında isə bu göstərici 60 faiz olub.

Sorğuya əsasən, iştirakçıların 48 faizi süni intellektin kifayət qədər yaxşı səviyyəyə çatdığını və riskləri azaltmaq üçün onun inkişafının dayandırılmalı olduğunu bildirib.

Respondentlərin 31 faizi isə inkişaf etmiş süni intellektin mühüm faydalar verə biləcəyini əsas gətirərək texnologiyanın inkişaf etdirilməsinin davam etdirilməsinin tərəfdarı olub.

Harris seçicilərinin 58 faizi inkişaf işlərinin dayandırılmasını dəstəklədiyi halda, Tramp seçicilərində bu göstərici 44 faiz təşkil edib.

İştirakçıların təxminən yarısı süni intellekt şirkətlərinin rəhbərlərinin bu texnologiyanın nəticədə bəşəriyyəti məhv edə biləcəyi ilə bağlı xəbərdarlıqlarına səmimi şəkildə inandıqlarını bildirib.

Bunun əksinə, 26 faiz bu cür açıqlamaların süni intellekt məhsullarını daha güclü və ya əhəmiyyətli göstərmək məqsədi daşıyan marketinq strategiyası olduğunu düşünür.

Sorğu Londonda yerləşən “Public First” şirkəti tərəfindən 13-15 sentyabr tarixlərində internet üzərindən 2064 ABŞ-li yetkin arasında keçirilib.

ABŞ-də süni intellektin sürətlə yayılması ilə yanaşı, texnologiyanın təhlükəli həddə çatmasından əvvəl onun inkişafının yavaşladılmasına dair çağırışlar son günlər artıb.

Anthropic şirkətinin baş icraçı direktoru Dario Amodei, OpenAI rəhbəri Sem Altman, həmçinin Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın da aralarında olduğu texnologiya sektorunun tanınmış şəxsləri süni intellektin inkişafının yavaşladılması ilə bağlı çağırışlar ediblər.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın administrasiyası süni intellektin inkişafını yavaşladacaq yeni qaydalar əvəzinə innovasiyanı təşviq edən yanaşmanı dəstəkləyir.

Tramp süni intellekt texnologiyasının nəzarətdən çıxması ilə bağlı xəstə bir sui-qəsd nəzəriyyəsinin aparıldığını iddia edib. O, həmçinin bu sahədəki işlərin yavaşladılmasının Çinə üstünlük verəcəyini müdafiə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu