Avropa Parlamenti müdafiə layihələrində bürokratiyanı azaldacaq qaydaları təsdiqləyib



Avropa Parlamenti (AP) Avropanın müdafiəyə hazırlığını və müdafiə sənayesinin rəqabət qabiliyyətini artırmağa yönəlmiş yeni qaydaları qəbul edib.

AFN.az xəbər verir ki, Strasburqda keçirilən AP plenar iclasında müdafiə layihələri üzrə icazə prosedurlarına, müdafiə məhsullarının Avropa İttifaqı daxilində transferinə və müdafiə investisiyalarının asanlaşdırılmasına dair 3 qayda ilə bağlı səsvermə keçirilib.

Layihələrə dair qayda 105 əleyhinə 540, məhsulların üzv ölkələr arasında transferinə dair qayda 92 əleyhinə 549, investisiyaların asanlaşdırılmasına dair müddəalar isə 125 əleyhinə 530 səslə qəbul edilib.

Yeni qaydalarla müdafiə layihələri üzrə icazə prosedurları üçün ümumi çərçivə yaradılacaq. İcazələrin verilməsi üçün maksimum müddət 102 iş günü müəyyənləşdiriləcək.

Səlahiyyətli qurumların müəyyən edilmiş müddət ərzində qərar verməməsi halında müraciətlərin təsdiqlənmiş hesab edilməsi nəzərdə tutulur. Bununla belə, üzv ölkələr insan sağlamlığı və ya milli təhlükəsizliklə bağlı səbəblərə əsaslanaraq bu tətbiqə istisna edə biləcək.

Avropa Müdafiə Fonduna (EDF) müraciətlər zamanı bəzi inzibati tələblər sadələşdiriləcək. Kiçik və orta sahibkarlıq subyektlərinin fond çərçivəsindəki layihələrdə iştirakına dair təşviqlər də artırılacaq.

Qaydalar müdafiə məqsədləri üçün istifadə olunan bəzi kimyəvi maddələrə dair mövcud güzəştlərin davam etdirilməsini də nəzərdə tutur.

Müdafiə tədarükü qaydalarına ediləcək dəyişikliklərlə bəzi hədd göstəriciləri artırılacaq, birgə satınalma imkanları yaradılacaq və çərçivə sazişlərində daha çox çeviklik təmin ediləcək.

Avropa İttifaqı sözügedən qaydalar paketini 2025-ci ilin iyununda açıqlamışdı.

Avropa İttifaqı Şurası və Avropa Parlamentinin müzakirəçiləri 10 iyunda Avropanın müdafiə imkanlarını və müdafiə sənayesinin rəqabət qabiliyyətini artırmağa yönəlmiş yeni qaydalar barədə razılığa gəlmişdilər.

Aİ xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə xərclərinin artırılması, sursat istehsalının genişləndirilməsi və müdafiə sənayesinin dəstəklənməsi istiqamətində təşəbbüslərə diqqəti artırıb.

Donald Tramp administrasiyasının fəaliyyəti fonunda Avropanın təhlükəsizlik sahəsində ABŞ-dən asılılığının azaldılması və müdafiə sahəsində daha çox məsuliyyət götürməsi ilə bağlı müzakirələr də Aİ gündəmində ön plana çıxıb.

Qaydalar Aİ Şurasının yekun təsdiqindən sonra Aİ-nin Rəsmi Jurnalında dərc edilərək qüvvəyə minəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu