1700 illik nadir “Odisseya” parçası kitabxana kitabının arasında tapıldı



Niderlanddakı universitetlərdən birində çalışan tədqiqatçı qədim əlyazmaları araşdırarkən Homerin məşhur epik əsəri “Odisseya”ya aid 1700 illik nadir bir parça aşkar edib.

Radboud Universitetinin əməkdaşı doktor Mark de Kreiy Utrext Universitetinin kolleksiyasında saxlanılan erkən xristian əlyazmalarını araşdırdığı zaman oyun kağızı ölçüsündə kiçik bir kağız parçasına diqqət yetirib. Yunan dili üzrə mütəxəssis olan De Kreiy onun üzərindəki yazını tanıyaraq parçanın Homerin “Odisseya” dastanına aid olduğunu müəyyənləşdirib.

Təxminən eramızın 300-cü illərinə aid olduğu müəyyənləşdirilən və dünyada həmin dövrə aid cəmi 30-a yaxın oxşar nümunənin olduğu bildirilən parçanın Misirin Fayum düzündə yaşayan bir şəxsə məxsus cib ölçülü “Odisseya” nüsxəsindən qopduğu məlum olub.

Üzərində nəmişlik izləri olan və hər iki tərəfində yazılar yerləşən nadir parçanın kitabın kənar hissələrinin aşınması nəticəsində deyil, əsərin ortalarına uyğun gələn bölmədən qaldığı bildirilib.

Aşkar edilən parça “Odisseya”nın 12-ci kitabından bir hissədir. Burada Odisseyin aclıqdan əziyyət çəkən dənizçilərinin Günəş tanrısı Apollona həsr olunmuş mal-qaranı yeməsi təsvir edilir.

Doktor De Kreiy dastanın bu hissəsinin oxunması ən maraqlı və əyləncəli bölmələrdən biri olduğunu bildirib.

Kitabxana kitabının səhifələri arasında əsrlərlə gizli qalan bu tarixi tapıntı antik ədəbiyyat dünyasında böyük maraq doğurub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu