Kral ailəsində Diana böhranı: Çarlz ölümünə sevinib



Şahzadə Diananın qardaşı, Spenser qrafı Çarlz Spenser 1997-ci ildə bacısının ölümündən sonra ona telefonla zəng edən Böyük Britaniya kralı III Çarlzın həyəcanlı və sevincli səslə danışdığını iddia edib.

AFN.az xəbər verir ki, Spenser Diana haqqında yazdığı mübahisəli kitabında həmin vaxt Böyük Britaniya taxtının vəliəhdi olan Çarlzın bu xəbəri aldıqdan sonra sanki lotereyada udmuş kimi səsləndiyini bildirib.

Bukingem sarayı Spenserin kitabında yer alan iddiaların etibarlılığını şübhə altına alan açıqlama yayıb.

Sarayın sözçüsü bildirib ki, prinsip etibarilə kitablarla bağlı şərh vermirlər. Lakin o, itki ilə bağlı yaşanan qardaş ağrısının məntiqə təsir göstərə və yaddaşı dəyişə biləcəyini qeyd edib.

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin keçmiş mətbuat katibi Dikki Arbiter də iddiaları qəti şəkildə rədd edib. O, Çarlzın həmin dövrdə sarsılmış vəziyyətdə olduğunu və bu cür ifadələrin onun xarakterinə uyğun gəlmədiyini bildirib.

Spenser gələn həftə nəşr olunacaq kitabının internetə sızan xülasəsində Çarlzla Diananın 1981-ci ildəki toyundan az əvvəl Çarlzın Dianaya onu sevmədiyi halda evləndiyini söylədiyini də iddia edib.

O, həmçinin bacısının diqqət çatışmazlığı və hiperaktivlik pozuntusundan (DEHB) əziyyət çəkdiyinə və rədd edilməyə qarşı həssaslıq sindromunun olduğunu düşündüyünü bildirib.

Spenser Diananın həyatının son illərində intihar etməyi düşündüyünü, lakin övladlarına olan sevgisinin onu bu addımdan çəkindirdiyini də qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu