Mask və Zükerberq süni intellektlə bağlı tənzimləmələrin gecikdirilməsi üçün Trampla görüşüb



“Tesla” şirkətinin rəhbəri İlon Mask, “Meta”nın baş direktoru Mark Zükerberq və “Nvidia”nın baş direktoru Censen Huanq ABŞ Prezidenti Donald Trampla birbaşa əlaqə saxlayaraq süni intellekt sektoruna tətbiqi planlaşdırılan yeni məhdudiyyətlərlə bağlı narahatlıqlarını bildiriblər.

AFN.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, proses “Google DeepMind”in baş direktoru Demis Hassabisisin iyulun 14-də süni intellekt təhlükəsizliyi üçün standartlar müəyyənləşdirəcək yeni tənzimləyici qurum yaradılması təklifindən sonra başlayıb.

“Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin də dəstəklədiyi bu layihəyə Mask, Zükerberq və Huanq Ağ Evdə keçirilən qapalı görüşlər zamanı qarşı çıxıblar.

Sözügedən rəhbərlər belə bir tənzimləmə mexanizminin səlahiyyəti müəyyən şirkətlərin əlində cəmləşdirə və rəqabətə mane ola biləcəyini bildiriblər.

Görüşlərdən sonra ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında açıqlamalar verərək süni intellektlə bağlı narahatlıqları “təxribat” və “aldatma” adlandırıb.

Tramp hər hansı ləngimənin Çinin süni intellekt yarışında önə çıxmasına səbəb ola biləcəyini iddia edib. O, mövcud qanunların səlahiyyətli qurumlara kifayət qədər nəzarət imkanı verdiyini bildirib.

Tramp süni intellektin əsas ehtiyacının güclü idarəçilik olduğunu deyərək əlavə məhdudiyyətlərin ABŞ-ın texnoloji liderliyinə zərər verəcəyini müdafiə edib.

Tənzimləmə planlarına qarşı çıxan Mask müstəqil dövlət qurumu əvəzinə aparıcı süni intellekt şirkətlərinin yeni modelləri bazara çıxarmamışdan əvvəl bir-birinə nəzarət etdiyi sistem təklif edib.

Nvidia şirkətinin baş direktoru Censen Huanq isə mövcud qanunların ən pis ssenarilərin qarşısını almaq üçün kifayət etdiyini və yeni tənzimləmələrə ehtiyac olmadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu