ABŞ ordusu Avropadakı hərbçilərinin sayını azaltmağı müzakirə edir
Pentaqon Avropada yerləşən ABŞ hərbi kontingentinin ən azı 25 min nəfər azaldılması imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, müzakirə olunan plan çərçivəsində qitədəki ABŞ hərbi mövcudluğunun təxminən üçdə bir qədər azaldılması nəzərdə tutulur. ABŞ və Qərb rəsmilərinin hazırkı və keçmiş nümayəndələrinə istinadən yayılan məlumatlara görə, geri çəkiləcək hərbçilərin sayı 40 minə çata bilər. Bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi xidmət edir.
ABŞ-ın ən çox hərbi qüvvə yerləşdirdiyi ölkələr sırasında olan Almaniya, İtaliya və İspaniyanın mümkün ixtisarlardan təsirlənəcəyi gözlənilir.
Sözügedən variantlar Pentaqonun ABŞ-ın Avropadakı hərbi mövcudluğuna dair apardığı altı aylıq araşdırma çərçivəsində nəzərdən keçirilir. Araşdırma iyunda başlayıb və ABŞ-ın Avropadakı hərbi qüvvələrinin yerləşdirilməsi, bazaları və ümumi hərbi mövqeyinin yenidən qiymətləndirilməsini nəzərdə tutur.
ABŞ Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçin ilkin təhlilini müdafiə naziri Pit Heqsetə təqdim etməsi gözlənilir.
Nəzərdən keçirilən variantların hava, dəniz və quru qoşunlarında ixtisarlarla yanaşı, bəzi ABŞ qüvvələrinin NATO-nun şərq cinahına, o cümlədən Rusiyaya daha yaxın ərazilərə yenidən yerləşdirilməsini də əhatə edə biləcəyi bildirilir.
Heqsetin yekun tövsiyəni noyabrın 6-da ABŞ Prezidenti Donald Trampa təqdim etməsi gözlənilir.
Tramp administrasiyası ABŞ-ın hərbi resurslarını digər regionlara yönəltdiyi bir vaxtda Avropa ölkələrinin öz müdafiələri üçün daha çox məsuliyyət daşımalı olduğunu bildirir. Pentaqonun araşdırması da Avropanın NATO-nun adi hərbi müdafiəsində daha böyük məsuliyyət üzərinə götürməsi məqsədi ilə aparılır.
Mümkün böyükmiqyaslı ixtisarlar bəzi ABŞ qanunvericiləri və Avropa hökumətləri arasında narahatlıq yaradıb. Onlar sürətli geri çəkilmənin NATO-nun Rusiyanı çəkindirmək imkanlarına təsir göstərə biləcəyini bildirirlər.
ABŞ Dövlət Departamenti ilə Pentaqon arasında araşdırma prosesinə yanaşma ilə bağlı fikir ayrılıqlarının olduğu barədə məlumatlar da yayılıb. ABŞ senatoru Cin Şahin Dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubionu prosesə amerikalı diplomatların cəlb olunmasını təmin etməyə çağırıb.
ABŞ rəsmiləri isə araşdırma çərçivəsində müttəfiqlər və Konqreslə məsləhətləşmələrin aparıldığını bildirirlər.
