Cənubi Koreya Hörmüzə əsgər göndərməyəcək



Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin və vətəndaşlarının maraqlarını Hörmüz boğazında qoruyacağını, lakin xaricdəki münaqişəyə cəlb olunmamaq üçün bölgəyə əsgər göndərməyəcəklərini açıqlayıb.

AFN.az Yonhap-a istinadən xəbər verir ki, Li keçirdiyi mətbuat konfransında Hörmüz boğazı ilə bağlı “Bunu açıq şəkildə qeyd edək. Münaqişəyə cəlb olunmağımıza səbəb olacaq heç bir hərbi qüvvə göndərilməyəcək. Müharibəyə daxil olunmayacaq və ya müharibəyə müdaxilə edilməyəcək” deyib.

Müharibəyə müdaxilə etməməyin indiyədək izlədikləri prinsip olduğunu vurğulayan Li, bundan sonra da bu prinsipə əməl etməyə davam edəcəklərini bildirib.

Li digər ölkələr kimi Hörmüz boğazında vətəndaşlarını, gəmilərini və xam neft marşrutlarını qorumaq üçün əllərindən gələni edəcəklərini qeyd edib.

Li ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında mümkün sammitlə bağlı suala isə “Bu ehtimal, şübhəsiz ki, çətin olsa da, gözardı edilə bilməz” cavabını verib və bunun nə dərəcədə mümkün olduğunu dəqiq müəyyənləşdirə bilmədiyini söyləyib.

“Bu ehtimalı reallığa çevirmək üçün əlimizdən gələn hər şeyi etməli olduğumuz aydındır”, - deyən Li, ABŞ ilə Şimali Koreya arasında dialoqun yenidən başlamasının Koreya yarımadasındakı münasibətlərin, eləcə də sülh və sabitliyin təmin olunması baxımından mühüm mərhələ olacağını vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu