Litva Rusiyanın hücumuna qarşı cavab verəcəyini açıqladı
Litva Rusiyadan gələn təhdidlər fonunda müxtəlif təxliyə ssenariləri hazırlayıb.
AFN.az xəbər verir ki, Baş nazir Mindauqas Sinkeviçius ölkəyə hücum ediləcəyi təqdirdə qarşılıq verəcəklərini və döyüşə girəcəklərini bildirib.
Sinkeviçius BBC-nin Newsnight proqramına müsahibəsində litvalıların Rusiya tərəfindən davamlı təhlükə hiss etdiyini deyib. Onun sözlərinə görə, bu narahatlığın səbəblərindən biri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarıdır.
Baş nazir bildirib ki, Litvanın hücuma məruz qalması halında ölkə qarşılıq verəcək. O, müxtəlif ssenarilər üzrə planların hazırlandığını qeyd edib.
Sinkeviçius bu ssenarilərdən birinin yaşlı sakinlərin şəhərlərdən problemsiz çıxarılması və bununla bağlı nəqliyyat sıxlığının qarşısının alınması olduğunu deyib.
Litva hökumətinin konkret təhdidlərlə üzləşdiyini bildirən baş nazir bu halların hər gün baş vermədiyini, lakin ölkənin belə hadisələri real olaraq yaşadığını vurğulayıb.
Litvada son bir ildə hibrid hücum kimi qiymətləndirilən çoxsaylı hadisə baş verib. Ölkə bu hadisələrə görə Rusiyanın yaxın müttəfiqi olan Belarusiyanı məsul tutur.
Vilnüsdəki hava limanında da uçuşlar Belarus tərəfindən həyata keçirilən hibrid hücum kimi qiymətləndirilən şara bənzər obyektlər səbəbindən pozulub.
Bundan başqa, sentyabrın 15-i gecə Belarusiya ərazisindən Litvaya daxil olan pilotsuz uçuş aparatı NATO-nun Şyaulyaydakı hava bazasında yerləşən İtaliya döyüş təyyarələri tərəfindən Kaysyadoris bölgəsində, Kruonis Su Elektrik Stansiyasının yaxınlığında vurulub.

