AB kosmosa çıxışda yeni tutum çatışmazlığı ilə üzləşib
Avropa İttifaqı kosmosa çıxış imkanlarında yeni tutum çatışmazlığı ilə qarşılaşıb və artan peyk tələbatının mövcud buraxılış imkanlarını üstələdiyi bildirilib.
AFN.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Avropanın daşıyıcı raketlər sahəsində yaşadığı böhranı geridə qoyduğunu, lakin artan peyk tələbatı səbəbindən yeni tutum çatışmazlığı ilə üzləşdiyini bildirib.
Kubilius Brüsseldə keçirilən 2-ci AB Kosmosa Çıxış Konfransında çıxış edərək qarşıdakı 10 il ərzində dünyada təxminən 50 min peykin kosmosa göndərilməsinin gözlənildiyini deyib. Onun sözlərinə görə, mövcud buraxılış imkanları bu tələbatın gerisində qalır.
Aİ-nin Galileo peyk naviqasiya sistemi, Kopernik Yer müşahidə proqramı və IRIS² təhlükəsiz peyk rabitəsi şəbəkəsi kimi layihələri üçün 2034-cü ilədək 62 buraxılışa ehtiyac olduğunu bildirən Kubilius yaranmış açığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Kubilius Avropanın kosmos proqramlarının, müdafiəsinin və təhlükəsizliyinin bu imkanlardan asılı olduğunu qeyd edib.
Avropanın kosmosa müstəqil çıxışının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayan Kubilius xarici raketlərdən asılılığın aradan qaldırılmasının vacibliyini bildirib.
O, Avropadakı buraxılış obyektlərinə, istehsal və sınaq mərkəzlərinə səfərlər edərək tutumun artırılması yollarını qiymətləndirəcəyini deyib. Kubilius gələn il kosmosa çıxışla bağlı fəaliyyət planı təqdim etməyi hədəflədiyini bildirib.



