ABŞ Argentinada infrastruktur və enerji layihələrinə sərmayə qoyacaq


ABŞ və Argentina Cənubi Amerika ölkəsindəki faydalı qazıntı yataqlarını Atlantik okeanının sahilində yerləşən əsas limanlarla birləşdirəcək birgə infrastruktur layihəsinə başlayır.

AFN.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Argentina xarici işlər naziri Pablo Kirno və ABŞ dövlət katibinin müavini Kristofer Landau “Andlar-Atlantika” dəhlizinin yaradılmasına start veriblər.

Birgə təşəbbüs Argentinanın iqtisadiyyat üçün əhəmiyyətli sahələrini Atlantik okeanındakı əsas limanlar və qərb bazarları ilə birləşdirən infrastrukturun gücləndirilməsi və modernləşdirilməsini nəzərdə tutur.

Argentina XİN layihənin ABŞ-ı ölkədə infrastruktur və investisiya sahəsində əsas tərəfdaşlardan birinə çevirəcəyini bildirib.

Nazirliyin məlumatına görə, ABŞ investisiyaları və dəstəyi hesabına faydalı qazıntılar, neft və qaz ixracının artırılması planlaşdırılır. Bu məqsədlə dəmir yolları, daxili su yolları, limanlar, boru kəmərləri və elektrik enerjisi infrastrukturu sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində iki ölkənin enerji sahəsində əməkdaşlığının da genişləndirilməsi planlaşdırılır. Bu istiqamətdə Argentinanın Vaka-Muerta neft-qaz yatağının işlənməsinə ABŞ investisiyaları, texnologiyaları və maliyyə alətlərinin cəlb edilməsi nəzərdə tutulur.

XİN qeyd edib ki, bu maliyyə mexanizmlərinə birbaşa kreditlər, kredit zəmanətləri və ABŞ mənşəli kapitalın, avadanlıqların və xidmət təminatçılarının cəlb edilməsinə imkan verən sığorta məhsulları daxildir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu