Kanada ABŞ-dan hərbi müdaxilə ehtimalına hazırlaşır
Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən ölkəyə hərbi müdaxilə ehtimalını nəzərdən keçirib, lakin belə bir ssenarini az ehtimallı hesab edib.
AFN.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
Karni bildirib ki, dövlət vəzifəsində olan şəxslər hətta çox aşağı ehtimallı fövqəladə riskləri də qiymətləndirməlidirlər.
“Düşünürəm ki, belə vəzifələrdə olan insanlar hətta son dərəcə az ehtimallı fövqəladə riskləri də qiymətləndirməlidirlər. Bu, sadəcə risklərin izlənilməsidir. Bu, əsas ssenari deyil, lakin buna hazırlaşmamaq məsuliyyətsizlik olardı”, - deyə Kanada hökumətinin başçısı qeyd edib.
Karni həmçinin ölkəsinin hərbi sahədə ABŞ-ın “Starlink” peyk rabitə sistemindən asılılığını azaltmaq niyyətində olduğunu bildirib: “Starlink" məsələsində, əlbəttə ki, şaxələndirmə aparacağıq”. Baş nazir bu sahədə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığa diqqət yetiriləcəyini bildirib.
Məqalədə qeyd olunur ki, Ottava ABŞ istehsalı olan 88 ədəd F-35 qırıcısının alınması ilə bağlı planlarını yenidən nəzərdən keçirir və Avropa istehsalçılarının alternativ təyyarələrindən istifadə imkanını da araşdırır.
Karni dünya maliyyə sisteminin ABŞ dollarından yüksək dərəcədə asılı olmasını da qeyri-sabit vəziyyət kimi qiymətləndirdiyini deyib. Bununla yanaşı, Kanada baş naziri Donald Trampla münasibətlərinin müsbət olduğunu bildirib: “Mənim baxışıma görə, bizim yaxşı münasibətlərimiz var. Yəni bir-birimizə zəng edə və müxtəlif məsələləri müzakirə edə bilirik”.
