ABŞ-da İran hakerlərinin yeni kiberhücum cəhdləri araşdırılır
İranlı hakerlər son həftələrdə ABŞ-ın su təchizatı sistemləri ilə yanaşı, enerji və telekommunikasiya infrastrukturuna da kiberhücumlar həyata keçirməyə çalışıblar.
AFN.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ hökumətinin və müxtəlif sənaye qurumlarının kibertəhlükələrə dair məlumatlarına çıxışı olan dörd mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum cəhdləri internetə qoşulmuş avtomatlaşdırılmış sistemlərə yönəlib. Lakin indiyədək bu cəhdlərin heç birinin uğurlu sındırma və ya infrastrukturun işində ciddi pozuntu ilə nəticələndiyi bildirilməyib.
Eyni zamanda, özünü İranın kiberəməliyyatları ilə əlaqəli platforma kimi təqdim edən "APT IRAN" Telegram kanalı ABŞ-ın infrastrukturuna hücumlarla bağlı hədələr yayıb. Kanal yaxın vaxtlarda ABŞ-ın enerji, su və telekommunikasiya sektorlarında “gözlənilməz və kritik hadisələrin” baş verəcəyini iddia edib, lakin hər hansı uğurlu əməliyyat keçirildiyinə dair sübut təqdim etməyib.
NBC News-un məlumatına görə, son hücum cəhdləri texniki baxımdan nisbətən sadə olub. Bununla belə, bəzi infrastruktur operatorlarının internetə qoşulmuş köhnə və əsas avadanlıqlardan istifadə etməsi onların yaratdığı təhlükəni artırır.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) telekanalın sorğusuna cavab verməyib. Ağ Ev sualları FTB-yə yönləndirib, lakin büro da şərh verməyib. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) isə məsələyə münasibət bildirməkdən imtina edib.

