Mikroplastiklər Sakit okeanın rəngini dəyişdirə bilər
Sakit okeanın Şimal hissəsində geniş əraziyə yayılan plastik tullantı yığınında yüksək konsentrasiyada olan mikroplastiklər peyklər vasitəsilə aşkar edilə bilən unikal optik dəyişikliyə səbəb olaraq okeanın rəngini dəyişdirmiş ola bilər.
AFN.az xəbər verir ki, Texas ştatının ərazisindən təxminən iki dəfə böyük sahəni əhatə edən və Böyük Sakit okean zibil yığını kimi tanınan nəhəng burulğanda təxminən 1,8 trilyon plastik parçası mövcuddur. Əksəriyyətini balıqçılıq avadanlıqlarının tullantıları təşkil edən bu kütlənin say baxımından böyük hissəsini isə adi gözlə görünməyən, ümumi parçaların 94 faizini təşkil edən kiçik mikroplastiklər meydana gətirir.
Bergen Universitetinin tədqiqatçıları laboratoriya şəraitində mikroplastiklərin işığı udma və səpələmə xüsusiyyətlərini araşdıraraq onların təbii dəniz elementlərindən fərqli optik iz yarada biləcəyini aşkar ediblər.
Tədqiqatçılar hazırladıqları simulyasiyalardan sonra 2002–2022-ci illər arasındakı peyk qeydlərini araşdırıblar. Aparılan təhlillər zamanı zibil burulğanına yaxın ərazilərdə okeanın mavi və yaşıl dalğa uzunluqlarında zəif, lakin statistik baxımdan əhəmiyyətli parlaqlıq göstərdiyi və getdikcə firuzəyi rəng aldığı müəyyən edilib. Fitoplanktonlar okeanın daha yaşıl görünməsinə səbəb olduğu halda, həll olmuş üzvi maddələr suya daha tünd və ya qəhvəyi görünüş verir. Mikroplastiklər isə işığı hər iki dalğa uzunluğunda eyni vaxtda və güclü şəkildə səpələyərək özünəməxsus parlaqlıq yaradır.
Alimlər bu rəng dəyişikliyinin dəqiq olaraq mikroplastiklərdən qaynaqlandığını təsdiqləmək üçün ərazidən su nümunələrinin götürülməli və optik ölçmələrin aparılmalı olduğunu vurğulayırlar. Daha iri tullantılar təmizləmə layihələri vasitəsilə sudan çıxarıla bilsə də, mikroplastiklərin sudan təmizlənməsinin mümkünsüz olduğu bildirilir. Mütəxəssislər qida zəncirinə və nəticədə süfrələrimizə qədər çata bilən bu kiçik hissəciklərlə mübarizənin yeganə yolunun çirklənmənin suya qarışmasının qarşısını almaq olduğunu qeyd edirlər.
