Nadir görünən qara buzdağı viral oldu

Kanada sahilləri açığında bir balıqçının çəkdiyi görüntülər dünya miqyasında milyonlarla insanın marağına səbəb olub.
O anları lentə alan Hallur Antoniussen “Saputi” adlı balıqçı gəmisi ilə may ayının ortasında ovda olub. Görüntüləri sosial şəbəkədə paylaşan Antoniussen CBC Radiosuna verdiyi açıqlamada “Daha əvvəl sahildə yuvarlanmış və içinə daş qarışmış buzdağı görmüşdüm. Amma bu tamam başqa bir şey idi. Təkcə tamamilə qara deyildi, həm də demək olar ki, almaz formasında idi” deyib.
Qara buzdağı necə yaranır?
Normalda buzdağlarının ağ görünməsinin səbəbi içərisindəki hava qabarcıqlarıdır. Bu qabarcıqlar işığı bütün dalğa boylarında səpələyərək ağ görünüş yaradır.
Zaman keçdikcə buz sıxlaşır, içindəki hava azalır və buz şüşə kimi şəffaflaşır. Bu zaman qırmızı işıq udulur, mavi işıq isə daha çox əks olunur. Nəticədə buzdağı mavi rəngə bürünür.
Lakin buzdağı yaranarkən onun tərkibinə müxtəlif maddələr də qarışa bilər. Məsələn, dəmir oksid olan buzdağları yaşıl görünə bilər. Qara və ya tünd boz buzdağları isə adətən içərisinə qarışmış torpaq, daş və ya digər tünd rəngli maddələr səbəbilə bu cür formalaşır.
Antoniussenin müşahidə etdiyi qara buzdağı isə bu vaxta qədər görünənlərdən daha fərqli bir görünüşə malikdir.
Minlərlə il yaşı ola bilər
Kanadalı buzlaq mütəxəssisi Lev Tarasovun fikrincə bu cür buzdağı çox güman ki, bir buzlaqdan qoparaq okeana düşüb. Buzlaqlar quruya doğru hərəkət edərkən yer səthini qazıyır və qarşısına çıxan torpaq, daş kimi materialları özündə toplayır.
Tarasov bildirir ki, o, Grenlandiyada tərkibində qara maddələr olan kiçik buz parçaları da müşahidə edib. Lakin Antoniussenin çəkdiyi buzdağındakı qarışığın bu qədər homojen olması, buzun çox qədim olduğunu göstərir. Onun sözlərinə görə, bu cür buzdağının yaşı minlərlə, hətta yüz min ilə qədər ola bilər.
Başqa bir ehtimal isə bu qaralmanın böyük bir vulkan püskürməsi zamanı yayılan kül və ya bir meteorit toqquşmasının nəticəsi olaraq formalaşmasıdır.
Lakin bu buzdağının dəqiq necə əmələ gəldiyini öyrənmək çətindir. Alimlər bənzər başqa bir buzdağı tapıb onu təhlil etmə şansı əldə edənə qədər bu təbiət hadisəsi çox güman ki, sirr olaraq qalacaq.