Polşanın Bakıdakı konsulu nədə səhv edir?




Axının qarşısını almaq üçün “müharibə” durumu yaratmağa gərək varmı?



Səfirliyin “danos”lara sadəlövhcəsinə yanaşması günahsız insanların həbsinə səbəb ola bilər…



1980-ci illərdə ABŞ-a narkotik axınına əngəl ola bilməyəcəyini anlayan ata Corc Buşun administrasiyası bu axını nəzarətə almağa qərar verdi. Və ABŞ hökuməti istər Meksika, istər Kolumbiya, istərsə də digər Latın Amerikası ölkələrində “dəlisov” kartel rəhbərlərini sıradan çıxarıb, “mülayim” kartellərə yol açmaqla bu prosesi nəzarətdə saxlamağa çalışdı. Pablo Eskobarın sonuna çıxan amerikalılar onun əvəzində onlarla yeni və daha güclü kriminal “ulduz”ların parlamasına imkan yaratdılar: Kali Kartelindən Oruyela qardaşları, Meksikada “El-Chapo” Guzman, “Los-Zetas” və “Los Negros” qruplaşmaları, Zambada və s. Bu strategiya Latın Amerikasında on minlərlə insanın narkomüharibədən həlak olmasına, ABŞ-da isə yeni-yeni narkotik növlərinin bazara çıxaraq milyonlarla insanı caynağına almasına səbəb oldu. Yəni, təhlükə sovuşmadı, əksinə, daha da artdı, daha da şiddətləndi.
Ata Buşun dövründən dəbə düşən “mülayim bandit” axtarmaq siyasəti Yaxın Şərqdə də özünü göstərir. Guya cəmiyyətə psixoloji təsir göstərmək və durumu nəzarətə almaq üçün yaradılan “mülayim” qruplaşmaların əksəriyyəti bir müddətdən sonra ən radikal, ən qorxulu terror təşkilatlarına çevrilir, demokratik dünya üçün daha da çox təhlükə daşıyır.
Bənzətmə ilk baxışdan nə qədər kobud və dəxlisiz görünsə də, Polşanın Azərbaycandakı səfirliyinin son bir ayda yaratdığı vəziyyət, axının qarşısını almaq üçün başladığı müharibə məhz Latın Amerikasındakı “narkomüharibə” dövrünü xatırlatmağa başlayır.
Əlbəttə ki, dəxlisiz insanların, viza alverçilərinin “Polşada işədüzəltmə” biznesinə girməsi Səfirliyi narahat edir və bu, başa düşülməlidir. Lakin konsulun və hörmətli səfirimizin bu vəziyyəti nəzarətə almaq üçün seçdiyi strategiya kor-təbiidir, “psixoloji müharibə” metodu seçməsi isə kökündən yalnışdır.
İnsanlarımız isə panikaya qapılır, təxribata gedir. Polşada dəvətnamə alverçilərinə böyük miqdarda pul verib sənədi əlinə alan, amma bunun yetərli olmadığını anlayan həmvətənlərimiz qəzəblidirlər. Aylarla səfirlikdə viza görüşünə düşə bilmirlər.
Nəticədə isə bütün günahları Bakıda ödənişli viza dəstəyi göstərən insanların üzərinə atmağa çalışırlar. Bu sektorda qaz vurub qazan dolduran, həbsdə yatan şəxslərə Polşa vizası “düzəldib” Avropaya qaçmağa yardımçı olan işbazlar isə bu vəziyyətdən istifadə edirlər. Onların "dəstək" göstərdiyi şəxslərin çoxu heç Polşada qalmır, başqa Avropa ölkələrinə gedirlər.
Səfirlik nümayəndələri insanlara dəstəkçi olmağa çalışır, şübhə etmirəm. Lakin Polşa Səfirliyi “e-mail”ə gələn müxtəlif “danos”lara sadəlövhcəsinə yanaşaraq, günahsız insanların şərlənməsinə, hətta həbs olunmasına yol aça bilər.
Heç də qəribə deyil ki, həmin “danos”ların müəllifi kimi göstərilən şəxslər hüquq mühafizə orqanları tərəfindən tapılmır, çoxu da ölkədə yoxdur. Yəni, şikayət var, təqsirləndirilən şəxs var… Amma ittihamı irəli sürən adam ortada yoxdur. Müxtəlif şəxslərin şəxsiyyət vəsiqələrindəki məlumatlardan istifadə olunaraq, şərləmə kampaniyası aparılır… Viza dəstəyi göstərən, amma kommersiya marağını da güdən az qala hər kəs “bandit” kimi qələmə verilir.
Bunun axırı nə olacaq? İnsanlar qorxaraq daha Polşa vizası fikrinə düşməyəcəklər?
Yoxsa, Polşa səfirliyi bazarda “arındırma” aparıb, yeni “Robin Qud”lar ortaya çıxaracaq?
Əksinə, Polşa səfirliyi bu cür şərləmə kampaniyasında “alət” olmasına imkan verərsə, tezliklə, viza sektorunda əsl banditlər, “El-Çapo”lar, “Los-Zetas”lar peyda olacaqlar.
Ümid edirəm ki, belə olmayacaq və hörmətli Polşa səfiri də, hörmətli Polşa konsulu da şikayətləri araşdırarkən, obyektiv və qərəzsiz mövqeyini qoruya biləcək. Biz bandit deyilik, biz kartel üzvləri deyilik… Biz sadəcə Polşa şirkətləri ilə əməkdaşlığımızı davam etdirərək, həmvətənlərimizin xaricdə işləmək arzusuna dəstək olmağa çalışırıq.
Bu, onların haqqıdır. Bizim də hüququmuzdur. Hüquqlarımızı qorumaq üçün mübarizəyə də, əməkdaşlığa da hazırıq.



Rüfət Əhmədzadə
“Avanti Group” MMC-nin direktoru
Polşaşünas, rekruter



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu