Texas qubernatoru 51 min 840 immiqrantı avtobuslarla ABŞ-ın digər şəhərlərinə göndərdi
Son 18 ayda ABŞ-ın Texas ştatı rəhbərliyi Meksika-Texas sərhədini keçən immiqrantlardan 51 min 840 nəfərini avtobuslarla ABŞ-ın digər şəhərlərinə göndərib.
Texas qubernatoru Greg Abbott bildirib ki, "Tək Ulduz Əməliyyatı" çərçivəsində 2022-ci ilin aprelindən etibarən immiqrantları Nyu Yorka, Çikaqoya, Vaşinqtona, Filadelfiya Denverə, Los Ancelesə göndəriblər.
Belə ki, son 1,5 ildə Meksika-Texas sərhədini keçən immiqrantlardan 51 min 840 nəfərini avtobusla başqa şəhərlərə göndərdiklərini bildirən Abbott, ABŞ prezidenti Co Baydenin immiqrasiya siyasətinin "uğursuz" davam etdiyi müddətcə bunu davam etdirəcəklərini qeyd edib.
Qubernatov "Tək Ulduz Əməliyyatı"nın Bayden administrasiyasının sərhədi qorumaqdan imtina etməsi nəticəsində yaranan təhlükəli boşluqları doldurmağa davam edəcəyini söyləyib.
O elan edib ki, əyalət polisi və təhlükəsizlik qüvvələri artıq xarici ölkələrdən qeyri-qanuni yolla ştata daxil olacaq şəxsləri həbs edəcəklər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi son 2 ayda Texas-Meksika sərhədinə 250 min immiqrant axını olduğunu açıqlayıb.