ABŞ Ali Məhkəməsi "immiqrasiya həbsi" qanununu müvəqqəti dayandırdı
ABŞ Ali Məhkəməsi Texas ştatında polisə Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları həbs etmək səlahiyyəti verən qanunu müvəqqəti olaraq dayandırıb.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ Ali Məhkəməsinin hakimi Samuel Alito sözügedən qanunun fəaliyyətini martın 13-dək dayandırmağa qərar verib.
Alito öz qərarında Texas ştatının rəsmilərinin arqumentlərini məhkəməyə təqdim etmələri üçün martın 11-i bazar ertəsinin sonuna qədər vaxtlarının olduğunu bildirib.
Texas qubernatoru Greg Abbott qanunu 2023-cü ilin dekabrında təsdiqləyib.
Yerli hakimlərə qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması ilə bağlı qərar vermək səlahiyyətini də verən qanunun bu gündən qüvvəyə minməsi planlaşdırılırdı.