Baş nazir Nazirlər Kabineti Aparatının növbəti iclası keçirib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Qaynarinfo-ya bildiriblər ki, baş nazir Novruz Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və iclas zamanı İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib.
Ötən ildə atılan addımlar iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması baxımından ölkəmizin dünya miqyasında reytinqinin yüksəlməsinə səbəb olub. Xüsusən də, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri müsbət nəticələr verib. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir.
İlin mühüm hadisələri olan "Azerspace-2” peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan "STAR” neft emalı zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.
Baş nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş "ASAN xidmət” mərkəzinin, Bakı şəhərində "DOST” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Aqrar sahənin inkişafına nəzər salan Novruz Məmmədov ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb olunmuş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.
Sonda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.