XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir




Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-in Mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair mətbuat üçün məlumatına cavab olaraq bildirib.

Nazirlik bəyan edir ki, Azərbaycan XİN-in Mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya XİN mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi:

"Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycana səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

Rusiya XİN mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır.

Bir daha bildiririk ki, Rusiya XİN mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu