Nəsimi ilində Nəsimiyə təhqir!
Nəsimi ilində Nəsimiyə hörmətsizlik...
Prezident İlham Əliyevin 2019-cu ili “İmadəddin Nəsimi ili” elan etməsindən dərhal sonra pusquya yatan insanlar bundan öz çıxarları üçün istifadə etmək barədə düşünməyə başladılar. Bu “düşünən”lərdən biri də toy müğənnisi Afət Fərmanqızıdır.
Xanım iddia edir ki, Nəsimi onun yuxusuna girib və ideya verib ki, ”Sığmazam” qəzəlini “Pəncu şeş” (5,6) adı ilə hind musiqisinə uyğunlaşdırıb toy mahnısına çevirsin. Və onu toylarda oxuyub özünə pul qazansın. Bu mahnı “youtube” və “instagram” sosial şəbəkələrində yerləşdirilib. Maraqlısı odur ki, xeyli insan bu mahnının çox gözəl olduğunu bildirir və xanımı ayaqda alqışlayır. Həqiqətən düşünə bilən, Nəsimi fəlsəfəsindən az da olsa başı çıxan insanlar isə bunu tənqid edir, nəticədə xanımın köməkçiləri tərəfindən təhqirlərə və qeyri-etik ifadələrə məruz qalırlar. Bəzi insanlar da anlayıb susmaqla kifayətlənir.
Mən bizim bədii irsimizin, dəyərli şair, filosofumuzun qəzəlinin belə səviyyəyə salınmasına çox üzülürəm və susmaq istəmirəm. Əminəm ki, o xanımın azacıq savadı olsaydı, bu qəzəlin mənasını anlasaydı, onu hind musiqisi ilə deyil, çox gözəl bir musiqi ilə səsləndirərdi və toylarda oxumağa cəhd belə etməzdi. Təəssüflər olsun ki, bizim bəzi aktyor və müğənnilərimiz pul üçün öz mənəviyyatlarını heçə sayırlar. Çox istərdim Azərbaycanda istehsal olunan mahnı, film, kitablara ciddi nəzarət edən qurumlar yaradılsın. Əgər yaradılmasa, bizim bu günə qədər əldə etdiyimiz bütün dəyərlərimiz yerlə yeksan olmağa məhkum olacaq!
Feride MUSTAFAOĞLU