5 yaşlı Fatimənin valideynləri prezidentdən kömək istəyirlər- FOTOLAR
Neftçala rayonu, Xolqaraqaşlı kənd sakinləri olan Cəlal və Şəhla Məcidovlar mətbuat vasitəsilə prezident İlham Əliyevə, I vitse prezident Mehriban Əliyevaya, həmçinin digər aidiyyatı şəxslərə müraciət ünvanlayıblar.
AFN-in məlumatına görə, onlar bildirirlər ki, 5 yaşlı övladları Fatimə 2017-ci ildən qan xərçəngi xəstəliyindən əziyyət çəkir: “Linfo Leykoz ALL” diaqnozu ilə hal-hazırda İran İslam Respublikasında qohum-əqrəbanın köməkliyi ilə müalicə olunur. Bu müalicə ilə əlaqədar mən, Məcidov Cəlal öz daimi iş yerimdən çıxmalı oldum, evimizi dəyər-dəyməzinə satdıq və övladımızı İrana gətirib müalicə etdiririk. Üç yaşından müalicə olunan körpə qızcığaz dəhşətli əzablar çəkir, lakin həyat uğrunda mücadilə edir, təslim olmur. Sadəcə olaraq iki ildir ki, mütəmadi müalicə olunan Fatimə qızımızın həyatda qalması üçün və çox güman ki, sonda tam sağalması üçün müəyyən maddi vəsait lazımdır. Həmin maddi vəsaitin əldə olunmasında yaxından köməkliyinizə böyük ehtiyacımız var. Cənnətlik Heydər Əliyev körpə balalara böyük qayğı ilə yanaşırdı və onun varislərinin – İlham Əliyevin və Mehriban Əliyevanın da daim bu körpələrə necə xüsusi diqqət yetirdiyini bütün dünya bilir. Biz inanırıq ki, adi bir vətəndaş kimi, azərbaycanlı ata və ana kimi Sizlərə olan bu imdad və fəryad dolu müraciətimizdən sonra mütləq bir çarə tapılacaq və Fatimə qızımız Sizlərin maddi dəstəyinizlə tam müalicə olunaraq sağ-salim Vətəninə dönəcəkdir. Sizlərin də balalarınız, nəvələriniz var. Qarşınızda diz çökərək imdad dolu fəryadla Sizlərdən çox-çox xahiş edirik ki, bizim balamıza köməklik edin, onu yenidən həyata qaytarın. Qarşınızda baş əyirik və öncədən Sizlərə təşəkkür edirik. Çox sağ olun! Allah-Təala Sizləri və doğmalarınızı qorusun! Amin!"