Məhəmmədəli Qəribli "reket jurnalist"in ipini buraxmadı- GÖYGÖLDƏ MƏHKƏMƏ
Baş redaktorun "təhqir və şantaj şəbəkə"sinin nümayəndəsinə qarşı iddiası icraata götürüldü
Tanınmış jurnalist Məhəmmədəli Qəriblinin "Şərəf və ləyaqətin müdafəsi" ilə bağlı demokratik.az adlı domenin istifadəçisi Rzayev Osman Nəriman oğlu barəsində etdiyi şikayət Göygöl rayon Məhkəməsi tərəfindən icraata götürülüb.
Bu barədə məlumatı Aznews.az saytına iddiaçı Məhəmmədəli Qəriblinin özü məlumat verib. Onun sözlərinə görə, buna səbəb "jurnalist" fəaliyyəti göstərdiyini iddia edən Osman Nərimanoğlu adda vətəndaşın uzun müddət ərzində şəxsini təhqir etməsi səbəb olub:
“Heç bir tanışlığım olmayan bu adam ötən ilin ortalarından başlayaraq, məni sosial şəbəkələrdə və ən əsası da, özünün rəhbəri olduğu saytda təhqir etməyə, ünvanıma böhtanlar atmağa başladı. Apardığım araşdırmalardan sonra məlum oldu ki, mənə qarşı təşkil olunan bu provakasiyanın arxasında bir neçə saxtakar, cinayətə meyilli “jurnalistlərdən” ibarət dəstə dururmuş. Əlimdə bütün bunları sübut edən möhtəbər dəlillər var. Onlardan bəzilərinin qanunvericiliklə ziddiyyət təşkil edən əməlləri ifşa olunub və medianın adını ləkələyən həmin şəxslərdən bəziləri artıq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda mənə cavab vermək imkanları olmadıqları üçün, həmin adamların adlarını çəkməyə zərurət bilmirəm. Media cameəsindəki məlumatlı şəxslər söhbətin kimlərdən getdiyini gözəl bilirlər”.
M. Qəriblinin sözlərinə görə, o, ömründə ilk dəfədir ki, şikayətlə məhkəməyə müraciət edir:
“Gördüm ki, bu adamlar üçün ictimai qınaq kifayət etmir, sonda hüquqlarımı məhkəmə müstəvisində qorumağa məcbur qaldım. Əvvəl Osman Nərimanoğlu barəsində ölçü götürülməsi tələbi ilə Mətbuat Şurasına müraciət etdm. Təəssüflər olsun ki, bu adam müzakirələrdə belə iştirak etmək istəmədi. Nəticədə ona və rəhbərlik etdiyi demokratik.az adlı sayta yazdıqları təhqir və böhtanlara görə, ciddi xəbərdarlıq olundu. Bundan nəticə çıxarmaq əvəzinə Osman Nərimanoğlu təhqirlərinin dozasını bir az da artırmış oldu. Ardınca Göygöl Suvarma Sistemləri İdarəsi rəisi İlqar Məhərrəmov Osman Nərimanoğlu ilə bağlı Mətbuat Şurasına şikayət etdi. Həmin şikayətlə bağlı da ona sonuncu ciddi xəbərdarlıq olundu. Osman Nərimanoğlu bu qərarlardan sonra, hətta Mətbuat Şurasının və onun İdarə Heyətində təmsil olunan şəxslərin ünvanına təhqirlər və hədələr yağdırmağa başladı. Ondan əvvəl şikayət edənlərlə bağlı isə daha aqressiv mövqe tutdu. İlqar Məhərrəmovun MŞ-ya etdiyi təkrar şikayətdən sonra Osman Nərimanoğlu və onun idarə etdiyi saytın adı MŞ İdarə Heyətinin qərarı ilə “qara siyahıya” salındı”.
Jurnalist deyir ki, bütün ictimai qınaqlardan nəticə çıxarmaması səbəbindən Osman Nərimanoğlunun barəsində “xüsusi ittiham” və “işgüzar nüfuzun müdafiəsi” ilə bağlı Yasamal rayon məhkəməsinə şikayət verib: “Osman gəlib həmin məhkəmədə barışmaq istədiyini, səhv etdiyini dedi. Lakin bu yöndə hər hansı bir əməli addım atmadı. Sonra işə qeydiyyatda olduğu ünvanla bağlı Göygöl rayonunda baxılmasını tələb etdi. Həmin rayon uzaq olduğu üçün, çox adam ora gedib- gəlməyin əziyyətini nəzərə alıb şikayətdən imtina etməli olur. Ancaq mən belə etmədim. Çünki hesab edirəm ki, bu cür şəxsləri jurnalistikadan biz təmizləməsək, onlar öz mənfur əməllərini davam etdirəcəklər. Yanvar ayının 23-də məhkəmənin hazırlıq iclası keirildi və iddia ərizəsi icraata qəbul olundu. Növbəti proses fevral ayının 15-nə təyin edilib”.
Jurnalist bildirib ki, Osmanın qeydiyyatda olduğu Göygöl rayonun Məhkəməsində onunla bağlı hazra üç şikayətə baxılır: “Azərbaycanın tanınmış, korifey jurnalistlərindən olan, bir sıra dövlət mükafatlarının laureatı Əhməd İsayev də Osman Nərimanoğlu tərəfindən təhqir edilib və bu səbəbdən də qocaman jurnalist onu məhkəməyə verib. İkinci iddianın sahibi Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Bu şəxs də bundan əvvəl etdiyi şikayətlərdə bildirib ki, davamlı şəkildə Osman tərəfindən şantaj və təhqirlərə məruz qalıb. Üçüncü iddianın sahibi isə mənəm. Yaxın zamanlarda belə şikayətlərin sayının artacağı istisna edilmir. Çünki özünə həmin bölgədə “toxunulmaz jurnalist” imicini formalaşdıran Osmanın əsl sifəti və nəyə qadir olduğu tam üzə çıxıb. Məlum olub ki, o, jurnalistika pərdəsi arxasında “reketlik” kimi fəaliyyətlə məşğul olub. Belə olmasaydı, MŞ kimi möhtəbr qurum onun adını “reket siyahısına” salmazdı”.