Nadir Şəfiyev: "Avropa Parlamentinin ikili standartları göz önündədir"
“Ümumiyyətlə Avropa Parlamentinin ikili standartları göz önündədir. Bu gün dünyada ikili standartlar mövcuddur”. Bunu siyasi şərhçi Nadir Şəfiyev deyib.
Onun sözlərinə görə, bu gün açıq etiraf etmək lazımdır ki, ermənilər bir çox Avropa ölkələrində, Avropa strukturlarında bir çox deputatları, siyasətçiləri ələ alıblar və rüşvət verərək onları ermənipərəst addımlar atmağa vadar ediblər: “Bu şəxslər Azərbaycana qarşı olan istənilən kampaniyaya qoşulurlar. Onlar kiçik bir nöqsanı şişirdərək Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Ermənistanla bağlı oxşar yox, ondan da qat-qat ağır bir işlər, cinayətlər olanda belə ermənilərin adları hallanmır. Yəni bu gün bütün dünyada bağırırlar ki, Ermənistanda rejim dəyişilib, demokratik bir rejim hakimiyyətə gəlib. Artıq “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılıb. Halbuki, Ermənistanda guya demokratik qüvvələr hakimiyyətə gəldikdən sonra da siyasi məhbuslar, siyasi məhbusların aclıq etməsi halları az deyil. Hətta siyasi məhbusların dünyasını dəyişməsi faktı da var. Bundan başqa sifarişlə rəqib siyasi xadimlərin həbsxanalara atılması da var. Amma təəssüflər olsun ki, bu günə kimi yenə də bütün beynəlxalq təşkilatlar buna göz yumur. Bu sahədə diaspora fəaliyyətimiz daha da güclənməlidir. Gücləndikdən sonra biz bu haqqın və ədalətin bərqərar olunması uğrunda aparmadığımız mübarizə gec-tez öz nəticəsini verəcək. Təbii ki, Ermənistan rəhbərliyi də bununla bağlı həm məsuliyyətə cəlb olunacaq, həm də onlara qarşı müvafiq sanksiyalar tətbiq olunacaq. Biz buna nail olmalıyıq və bu istiqamətdə də iş gedir”. (sia.az)