Qubad İbadoğlu: “Bundan böyük biabırçılıq ola bilməz, Nazirlər Kabineti istefaya getməlidir”
“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki bundan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək”.
AFN xəbər verir ki, bu təkliflə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib. O bildirib ki, korrupsiyaya dair son hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür: “Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə "çempion" olub”.
Qubad İbadoğlu qeyd edib ki, Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyan 8, Uqandanı isə 3 pillə qabaqlayıb: “Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən "birinciliyi" də ala bilər. Azərbaycanda baş verən hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökumət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizlyin təminatı qədər önəmlidir, korrupsiya nərdivannda bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq və hamımızı xəcalətli edəcək.
Görün, vəziyyət hansı həddə çatıb ki, Azərbaycan 1 il ərzində 30 ən çox korrupsiyalaşmış dövlətləri, ümumilikdə isə 152 dövləti geridə qoyur”.