Bakı Şəhər Baş Yol Polis İdarəsi Bakıda yolların çökməsindən necə "qazanır"?




Bakıda yolların çökməsindən ən çox Bakı Şəhər Baş Yol Polis İdarəsi qazanır.



AFN xəbər verir ki, belə bir iddia aktualinfo.org saytının məqaləsində irəli sürülür. Məqalənin müəllifi yazır ki, sözügedən məsələ ilə əlaqədar bir neçə ay öncə də məqalə dərc edib, paytaxt yollarında şütüyən ağırtonnajlı avtomobillərin törətdiklərı fəsadları oxucuların diqqətinə çatdırıb: "Azərbaycanda rəsmi iş yerindən başqa hərənin bir başqa gəlir sahəsi var. Bir çox dövlət məmurlarının biznes şəbəkəsi bu gün heç kimə sirr deyil, amma kimin harada, nələri olması bir sirr olaraq qalır. Bu gün sanki hamı pul, var dövlət toplamaq yarışına çıxıb. Qanunların yol vermədiyi hallarda belə bəzi məmurlar pul toplamağa elə yollar tapırlarki, qanun özü də onun qarşısında aciz qalır.
Bu gün gözəl Bakımızın izdihamlı küçələrində sürətlə şütüyən ağır tonnajlı yük maşınları da bəzi insanların gəlir mənbəyinə çevrilib. Burada iş görən fərdlər, sahibkarlar nəzərdə tutulmur. Bu avtomobollərin şəhər daxilində hərəkətindən yararlanan məmurlar nəzərdə tutulur. Belə ki, bir muddət əvvəl sözügedən avtomobollərin şəhər daxilində tıxaca, səs-küyə, təhlükəyə, qəzalara səbəb olduğu üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.

Amma günün istənilən saatında şəhərin, hətta mərkəzi küçələrində belə, ağırtonnajlı avtomobillərə rast gəlirik. Maraqlıdır, bu avtomobillər hansı şərtlərlə, güzəştlə və ya razılıqla şəhərə buraxılır? Yük maşınlarının şəhərə daxil olması ilə bağlı həftə içi vaxt məhdudiyyətinin tətbiqi Bakı Şəhər DYP tərəfindən həyata keçirilir. Bəs Bakı Şəhər Dövlət Yol Polisi bunu necə, hansı üsullarla tənzimləyir?

Bunun "yolunu" daxili işlər naziri Ramil Usubovun ötə ilin sentyabrın 5-də Binəqədi Dövlət Yol Polisi Şöbəsinə rəis təyin etdiyi polis mayoru Mərdan Əliyev vəzifə başına oturar -oturmaz tez tapıb. Qeyd etmək yerinə düşərdi ki, Mərdan Əliyev bu vəzifəyə qədər Sumqayıt Şəhər Dövlət Yol Polisi Xidmətində sadəcə bölük komandiri olub. Onun Bakı Şəhər Baş Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərovun yaxın qohumu olduğu bildirilir. Bəs Mərdan Əliyev ağır tonnajlı yük maşınlarının şəhər daxilində hərəkətini necə tənzimləməyi planlaşdırır? Hamıya məlum olduğu kimi, Binəqədi rayonunun, əsasən də kənd Binəqədinin ərazisində onlarla beton zavodu fəaliyyət göstərir. Bu zavodlardan şəhərin mərkəzindəki tikinti sahələrinə beton daşıyan avtomobillərin yolu birbaşa Binəqədi Dövlət Yol Polis Şöbəsinin qarşısından keçir. Mərdan Əliyev isə avtomobillərin səs-küyündən heç də narazı deyil. Niyə də narazı və yaxud da narahat olsun axı? Redaksiyamıza verilən məlumatlara görə, Mərdan Əliyev beton zavodlarının sahiblərini çağıraraq hər avtomobil üçün ayda filan qədər ödəməli olduqlarını bildirib. Bu filan qədəri də avtomobillərin sayına vurduqda ayda külli miqdarda vəsait edir. Zavod sahibləri məcbur olub Bakı Şəhər Baş Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərova müraciət ediblər. Polis rəsi isə “mənlik deyil, Baş Yol Polis İdarəsi baxır o işlərə” deməklə kyfayətlənib. Görəsən bu məsələdən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun xəbəri varmı? Görəsən Ramiz Zeynalovun xəbəri varmı ki, Mərdan Əliyev nə kimi işlərlə məşguldur? Nazirlər Kabinetinin qərarlarını icra edir, yoxsa Ramiz Zeynalovun qeyri-rəsmi göstərişlərini?"



Baş Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov AFN-in sorğusuna cavab olaraq bildirdi ki, yazılanlar cəfəngiyyatdır: “Dövlət Yol Polisinin fəaliyyətinə kölgə salmaq istəyidir. Görünür, məqalə müəllifinin Binəqədi Yol Polisi ilə bağlı hansısa xüsusi marağı, çəkişməsi var. Sübutu, əsası, kökü olmayan bir məlumatdır, qarşı tərəfin mövqeyi öyrənilmədən, araşdırılmadan verilib. Sözsüz ki, biz bununla bağlı Mətbuat Şurasına müraciət edəcəyik. Ayrıca olaraq bildiririk ki, yazıda göstərilənlər qərəzdən xəbər verir. Avtomobillər tək Binəqədidən getmir, yollar bu səbəbdən dağılırsa şəhərin başqa küçələrində də dağılardı. Orda qohumluq əlaqələri ilə bağlı iddialar var, bu da ağ yalandır. Binəqədi rayonunda olan yol-qəza hadisələrinin sayı da aşağı düşüb, digər göstəricilər də qənaətbəxşdir. Bu barədə ilin yekunları ilə bağlı rəhbərlik qarşısında hesabat verilib”.

Sonda Vaqif Əsədov ölkə mətbuatına müraciət edərək xahiş etdi ki, Bakı Şəhər Baş Yol Polisi haqqında yazılar hazırlayarkən araşdırma aparılsın, qarşı tərəfin mövqeyi öyrənilsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu