“Nike” brendi ilə bağlı qalmaqal- markanın istifadə etdiyi loqo müsəlmanların qəzəbinə səbəb olub
Amerikanın məşhur idman geyimləri markası olan “Nike” bu günlərdə qalmaqalla üzləşib. Belə ki, yeni satışa çıxardığı idman ayaqqabısının altına ərəb dilində “Allah” sözü yazılan loqo yerləşdirməsi müsəlmanların qəzəbinə səbəb olub. Müsəlmanlar artıq “Change.org” adlı internet resusunda markaya qarşı kampaniya başladıblar. Beləliklə, kampaniya iştirakçıları qalmaqala səbəb olan ayaqqabının satışdan yığışdırılması üçün çağırışlar ediblər.
Məlumata görə, artıq 14 min müsəlman kampaniyaya imza atıb. Kampaniyanı ilk başladan Sayqa Norin öz səhifəsində qeyd edib:
“Nike”nin “Allah” sözünü ayaqqabının altına yazması çox çirkin və qorxuncdur. Bu, müsəlmanlara qarşı hörmətsizlik, olduqca narahatedici, eyni zamanda İslam dinini də aşağılayan bir addımdır”
Qalmaqalın böyüməsi adıçəkilən məşhur markanın rəhbərlərini də hərəkətə gətirib. Firmanın sözçüsü qeyd edib ki, qalmaqal yaradan loqonu “Air Max” markasının bir versiyası kimi hazırlanıb:
“Firmamız bütün dinlərə hörmətlə yanaşır. Həmin loqo “Air Max” markasının yeni versiyası kimi təqdim olunub”. (Musavat.com)