Səsi ilə döyüşən İGİD ƏSGƏR




Rey KƏRİMOĞLU



Bu gün Azərbaycanımızın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının doğum günüdür. Daha doğrusu, yubileyidir, 60 yaşı tamam olur.

Səsi ilə şəxsiyyəti bir birinə uyğun gələn insandır Şəmistan Əlizamanlı! İfa seçimində, yəni repertuarda da çox diqqətlidir. Ciddi musiqilər ifa edər, ifa etdiyi mahnıların mətni üzərində də doğması kimi əsər, zərurət olanda isə sözlərə sığal çəkər. Oturuşuna, duruşuna, danışığına, bir sözlə, bütün hərəkətinə diqqət edər. Yəni tam ciddi bir adam!

Əslində Qarabağda qanlı-qadalı döyüşlər zamanı o da səsi ilə döyüşüb. Həm hərbi diktor kimi, həm də qəlbləri oxşayan gözəl vətənpərvərlik mahnıları ilə. Bir zabitin xidmət dövrü nə qədərdir? – 25 il. Amma onun səsi 27 ildir xidmətdədir. Hələ neçə illər də xidmətdə olacaq.

Onun əzəmətli və həzin səsi səngərdən səngərə keçir, əsgər və zabitlərin qəlbindən qəlbinə yayılır... “Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan!”...

Onu “Azərbaycanın Levitanı” (1941-45 cillərdə əfsanəvi sovet hərbi diktoru Yuri Levitan - red.) da adlandırılar, “Səsin canlı heykəli” də, məhv olmaq təhlükəsi ilə üzləşən qövmü xilas etmək üçün lazım olan “Qaval daşı” da...

Levitandan deyim...Əslində bənzətmə Şəmistan bəyə sevgidən, sayğıdan gəlir. Amma bir məqamı demək istəyirəm. Levitan qalib gəlmiş böyük Sövet imperiyasının səsi kimi sevildi, təbliğ olundu. Qələbənin müjdəçisi kimi yaddaşlara köçdü. Amma Şəmistan bəy müvəqqəti də olsa, məğlub olmuş bir ölkənin sevilən səsi oldu. Yəni məğlub olsaq da o səs sevildi. Bu, çox çətin işdir. Yəni Şəmistan bəy Qarabağ müharibəsinin ən uğurlu günlərində də, ən acı məğlubiyyətində də eyni məhəbbətlə sevildi.

25 ildir torpaqlarımız işğaldadır. Xalqımız torpaqlarımızı azad etmək üçün ordusuna güvənir və Şəmistan bəyin səsində qələbə müjdəsini gözləyir.

İnşallah, o gün uzaqda deyil. Düzdür, uzandı, amma uzaqda deyil! İnanıram ki, çox yaxın zamanda Azərbaycan ordusu torpaqlarımızı azad edəcək, o müqəddəs qələbə xəbərini isə Şəmisatn Əlizamanlı xalqa çatdıracaq!

Hə, onu da deyim: Levitana bəzən “Qolos epoxi”, yəni “dövrün səsi” deyirdilər. Məncə, Şəmistan bəy də bizim dövrün səsidir.

Şəmistan bəyin yalnız səsi deyil, özü də tez-tez cəbhə bölgəsində olur, şəhidlərin anım mərasimlərində, vətənpərvərliklə bağlı tədbirlərdə iştirak edir.

60 illik yubileyiniz münasibəti ilə Sizi təbrik edirəm, əziz və dəyərli Şəmistan Əlizamanlı! Bütün dövlət adlarından, titullarından ucada duran insan!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu