Bayıl sakinlərinə növbəti dəfə vəd verildi: 6 aylıq kirayə pulu ödəniləcək




“Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlərə mart ayından etibarən 6 aylıq kirayə pulu veriləcək”.

Bu barədə musavat.com-a sakin Elməddin Muradlı məlumat verib. O, bildirib ki, sakinlər Səbayel rayon icra başçısı Vüqar Zeynalovla görüşüblər.

Sakinin dediyinə görə, V.Zeynalov sakinlərə bildirib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır: “Bizə dedilər ki, yanvar və fevral ayı üçün kirayə pulu verirlər. Mart ayından etibarən isə daha 6 aylıq da kirayə pulu ödəniləcək. Daha sonra isə bina tikilib, sakinlərin bəzilərinə ev veriləcək. Sakinlər arasında 28 nəfər məcburi köçkün var. Onlara isə deyiblər ki, sizə Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ev verəcək. Məcburi köçkün ailələri bundan narazıdır. Deyirlər ki, “Qaçqınkom” hələ yataqxanalarda, zirzəmilərdə yaşayan məcburi köçkünləri evlə təmin edə bilməyib. Biz isə öz imkanımızla, əziyyətlə 20-25 il öncə bu evləri tikmişik. Məlumdur ki, məcburi köçkünlərə verilən evlər nə satıla bilər, nə kirayə verilə... İndi necə “Qaçqınkom”un mənzil verdiyi digər məcburi köçkünlərlə Bayıldakı məcburi köçkünləri bir tutmaq olar? Bayılda camaatın beşotaqlı evini alıb, yerinə binadan kiçik mənzil verirlər. Dövlət bu məcburi köçkünlərə Bayıldakı ev üçün bir kisə sement də verməyib. İndi necə evi söküb, əvəzinə başqa yerdə müvəqqəti mənzil verirlər?”

Sakin bildirib ki, onlara veriləcək kompensasiyanın məbləği də açıqlanmayıb: “2 aylıq kirayə pulu ödəməli idilər. Artıq fevral ayından 5 gün keçib, hələ də yanvar ayının kirayə pulunu verməyiblər. Camaatın çoxu yanvarın ortasına qədər dözdü. Daha sonra isə mənzilinə qayıdıb, odun yandıraraq bir təhər yaşayır. Heç kim bilmirdi ki, kirayə pulu ödəniləcək. İndi icra nümayəndələri, MİS-in işçiləri gəlib, kimi evində tutursa, adını siyahıdan silir. Deyirlər ki, siz öz mənzilinizdə yaşayırsınız. Buna yaşamaq demək olarmı? 5 otaqlı evin 1 otağına sığınıb, birtəhər dolanırlar. Camaat zülm çəkir. Kirayə pulunu verəcəkdilərsə, bunu əvvəlcədən deyərdilər. Camaat yükünü daşıyıb, evinə yığıb ki, kirayə pulu kəsilib. İndi gəliblər ki, bir də kirayə çıxın, pul veririk. Yəni bu cür gərgin vəziyyət yaradıblar. Qışın günündə camaatı əsir-yesir qoyublar. Hələ konkret qərar da yoxdur. Bu fikirləri başçı sakinlərə deyib. Məcburi köçkün ailələrinin hamısı Bayılda özləri üçün normal şərait qurublar. İndi deyirlər ki, evinizi alıb, yerinə haradasa mənzil veriləcək. Ya desinlər ki, verilən evlər çıxarışlı olacaq, ya da başqa bir yanaşma olsun. Necə oldu ki, 60 ailəyə pul tapırlar, 30 ailəyə yox? İnsanları çox incidirlər”.

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Bu ilin yanvar ayından etibarən kirayə pullarının verilişi dayandırılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu