Kimin üçün narkotik, kimin üçünsə dərman...




Türkiyə də cətənənin istehsalını leqallaşdıran dövlətlərin sırasına qatılacaq.



Ölkənin 19 regionunda bu bitki istehsal olunacaq.Çətənə istehsal etmək istəyən fermerlər aprel ayından müvafiq qurumlara müraciət edəcək. Araşdırma şirkəti "TechnoArge" aviasiya, avtomobil və tikinti sənayesi kimi onlarca sektora birbaşa təsir edən kompozit sənayesində “çətənə kompozitlər" ilə bağlı 3 ildir aparılan araşdırmadan sonra bu barədə qərar verilib.

Qeyd edək ki, narkotik kimi tanınan çətənə bir çox sahələrdə, o cümlədən dərman, kağız, kosmetika, plastik məhsulların istehsalında, tikinti sektorunda istifadə edilir. Hətta QİÇS, xərçəng kimi xəstəliklərin müalicəsində kimyəvi terapiyada və radiasiyanın təsirini azaldır.

Marja-nın məlumatına görə, çətənə istehsalını qanuniləşdirən ölkələrin arasında ABŞ, Kanada, Hollandiya, Çin kimi ölkələrin adları var. Ötən ilin dekabr ayında Rusiyada tibbi çətənə leqallaşdırılıb.

Hollandiya, Fransa, Çində əkin sahələrinin sayı artırılıb. Yunanıstanda 2018-ci ildə 30 min, Bolqarıstanda isə 60 min hektar əkin həyata keçirilib. 2017-ci ilin mart ayında çətənəni qanuniləşdirən Almaniyada, dövlət çətənə istehsalçılarının gələcək 4 il ərzində ən azı 10 min 400 ton səviyyəsində istehsala nail olmaları üçün dəstək layihələri açıqlayıb. Almaniya bu səviyyəyə çatmaq üçün 79 lisenziyalı istehsalçı ilə görüşlər keçirib.

ABŞ-da Arizona ştatında bu sektor inkişaf edib.Ştatın açıqladığı rəsmi hesabatlara görə, 2018-də çətənə əkini və əlaqəli məhsulların satışı 41% artımla 400 milyon dolları aşıb.
Tibbi məqsədli çətənə və yan məhsulları istehsal edən şirkətlər birjalarda xalqa açıq vəziyyətdədir.

Kanadanın Toronto birjasında yer alan "Weed" kodlu şirkətin bazar böyüklüyü 21,4 milyard Kanada dolları, yəni 16,05 ABŞ dolları böyüklüyünə çatmış vəziyyətdədir. Kanada birjalarında çətənəyə investisiyası olan 137 şirkətin ümumi bazar böyüklüyü isə 48,8 milyard dolları aşıb. ABŞ-da NASDAQ birjasında ticarət olunan şirkətlər də var. Ancaq bu şirkətlərin ABŞ-da əməliyyatlarının olmasına qanuni olaraq icazə verilmir.

ABŞ-da çətənədən alınan məhsulların bazarının 2022-ci ildə 20 milyard dolları aşacağı nəzərdə tutulub. 2018-də isə 200 min adamın işlə təmin edildiyi bazardan 11 milyard dollar gəlir götürülüb. ABŞ-da federal hökumət qanuni çətənə istehsalına bağlı şirkətlərdən topladığı vergi 57 faiz artımla 1,04 milyard dollar təşkil edib.

İsrail Parlamenti yanvarın 27-də çətənə və məhsullarının ixracına razılıq verib.

Ancaq iqtisadi sahədə dəyişikliyə qarşı reaksiyalar da var. Çətənədən əldə edilən CBD əsaslı məhsullardan geniş bazarlar da yaradılıb.Bu məhsullar olduqca yüksək əlavə dəyər ilə bazara çıxarılır. "HERB Essntls" nəmləndirici krem 60 dollardan, "Vertyl" marka dodaq kremi 22 dollardan, bir qutu dezodorant 20 dollardan satılır. CBD ehtiva edən göz qələmi, rimel isə 24 dollardır.

Çətənə yemək və içki brendləri tərəfindən də kəşf edilib."Lord Jones Gumdrops" markalı şirniyyat 45 dollardan satışa təqdim ediliri. "Recess" sodanın 1 qutusu 30 dollara satılır.

Çətənədən alınan məhsullar təkcə insanlar üçün deyil, ev heyvanları bazarında da istifadə edilir. "Treatibles" marka pişik yeməyi 32 dollara satılır.

Ölkəmizdə isə bu bitkinin istehsalı qadağandır.Vaxtaşırı mətbuatda çətənə becərdiyinə görə həbs olunanlar, çətənə kollarının yandırılması ilə bağlı xəbərlərlə rastlaşırıq.Hətta, Azərbaycanda yabanı yolla bitən çətənə kolları da narkotiklə mübarizə üsulu olaraq məhv edilir.Dünyaya milyonlar qazandıran bu bitkinin Azərbaycanda istehsalının leqallaşdırılması və bundan lazımi sahələrdə istifadə edilməsi mümkündürmü?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, çətənə bitkisi XX əsrin ortalarında narkotik hesab edilərək qadağan edilib:

“Rotşild və Rokfellerlərin şirkəti burada trilyonlarla vəsaitin olduğunu və perspektivini görərək, müəyyən beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də bu bitkinin narkotik hesab edilməsi ilə bağlı iddia qaldırıb.Bundan sonra bir sıra konvensiyalarla çətənə istehsalına qadağa qoyuldu.Nəticədə, bir sıra ölkələrdə bu bitkinin istehsalı sıradan çıxarıldı və həmin şirkətlər bu işlə məşğul olmağa başladılar və trilyonlarla gəlir əldə etdilər”.

O qeyd edib ki, çətənə təbiətdə olan ən qiymətli bitkidir:

“Təbii ki, burada söhbət onun narkotik kimi istifadəsindən getmir. Çətənə 20-dən artıq sahədə istifadə oluna bilən qeyri-adi bitkidir.İstənilən hava və iqlim şəraitində, ucuz becərmə vasitəsilə əmələ gəlir.Bu sahədən ağlasığmaz gəlirlər əldə etmək mümkündür.Amma bu işlə fərdi formada deyil, dövlət məşğul olmalıdır. Dövlət qapalı şəraitdə, tibbi, elmi, sahədə, o cümlədən də ixrac məqsədilə bunun istehsalı ilə məşğul ola bilər”.

E. Bayramlının sözlərinə görə, çətənə istehsalı ilə bağlı beynəlxalq qadağalara əhəmiyyət verilməməlidir:

“Artıq bir çox ölkələrdə bunu anlayıblar və bu əvəzedilməz bitkinin istehsalı ilə məşğul olurlar. Sadəcə istənilən bir məhsuldan yaxşı və pis məqsədlər üçün istifadə etmək olar. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da xüsusi bir dövlət orqanı yaradıla, bu sahə ilə elmi formada məşğul ola bilər. Dövlət bu sahədən çoxlu fayda götürə bilər.Bizim iqlimimiz də, şəraitimiz də buna imkan verir.Bu bitki Azərbaycanda yabanı yolla da bitir.Buna investisiya qoyulsa, əkilib-becərilsə, görün necə olar.Bu istehsala başlamaq lazımdır.Hətta deyərdim ki, bunu çoxdan etmək lazım idi”.

Azərbaycanda çətənə bitkisi, əsasən dərman istehsalında istifadə oluna bilər:

“Çətənədən ən bahalı dərmanların istehsalında istifadə olunur. Sənayedə, tikintidə də istifadə oluna bilər.Bunun hansı sahəyə yönəlməsinə dövlət qərar verməlidir.Ən azı xammal formasında ixrac oluna bilər.Məsələn, hansısa dərman şirkəti ilə bu sahədə əməkdaşlıq edilməsi mümkündür. Bu sahə nəzarətdə olmalıdır ki, bundan narkotik kimi istifadə olunmasın. Kənd təsərrüfatında bundan gəlirli sahə təsəvvür etmək mümkün deyil.Bundan niyə istifadə olunmasın ki?Pisdirsə, ABŞ niyə bu sahənin dərman istehsalına tətbiq edilməsindən trilyonlarla pul qazanır.Vaxtilə tütün sənayesində məhv elədilər, indi ABŞ bütün dünyaya yüz milyardlarla dəyərində tütün sataraq, pul qazanır, bizdə isə bu sahəni yeni bərpa edirlər.Çətənə istehsalında da qlobal monopoliya yaratmaq cəhdləri var, biz bu qadağalara əhəmiyyət verməyərək, bundan dövlətin mənafeyi üçün istifadə edə bilərik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu