Azərbaycanda “Koalisiya- 2030” yaradıldı- ÜZVLƏR
Azərbaycanda QHT-lərin dayanıqlı inkişaf məqsədləri üzrə fəaliyyətinə dəstək üçün “Koalisiya-2030” yaradılıb.
Koalisiyanın yaradılması üzrə anlaşma memorandumu imzalanıb. Sənədi imzalayanlar BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) rəhbər tutub.
Anlaşma Memorandumunun bağlanmasında əsas məqsəd qadın və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoyulması, dövlət və özəl sahələrdə qadın və qızlara qarşı bütün formalarda zorakılığı, o cümlədən insan alveri, cinsi və digər növlərdə istismarın aradan qaldırılmas, uşaq nikahı, erkən və məcburi nikah kimi bütün zərərli təcrübələrin aradan qaldırması, dövlət xidmətlərinin təmin edilməsi, infrastruktur və sosial müdafiə ilə bağlı siyasətlər vasitəsilə, eləcə də milli kontekstə uyğun olaraq, ev təsərrüfatında və ailədə öhdəliklərin ortaqlığının təşviqi vasitəsilə ödənişsiz qayğı və məişət işinin qiymətləndirilməsi və önəminin təsdiqlənməsi, siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbulu prosesinin bütün səviyyələrində qadınların tam və səmərəli iştirakını və bərabər rəhbərlik imkanlarının təmini, əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı, Pekin Fəaliyyət Platforması və fəaliyyətlərin icrasının nəzərdən keçirilməsi ilə bağlı digər konfransların yekun sənədlərində razılaşdırıldığı kimi, hamı üçün cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı və reproduktiv hüquqları təmini, milli qanunvericiliyə uyğun olaraq qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, maliyyə xidmətləri, miras və təbii ehtiyatlara çıxışlarını təmini daxildir.
Bu məqsədlərə nail olmaq üçün memorandumu imzalamış qeyri-hökümət təşkilatları regional QHT-lər, digər aidiyyatı təşkilatlarla qarşılıqlı saziş imzlamaq hüququna malikdir. O cümlədən, layihə çərçivəsində digər QHT-lərin resurs və potensialından istifadə ediləcək.
Koalisiyanın üzvləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi, “Təmas” Regional İnkişaf İctimai Birliyi, “İnkişaf Naminə İdman” İctimai Birliyi, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi, Koalisiyanın koordinatoru (əlaqələndiricisi) - Nəzakət Balabəyovadır. Memorandum 2030-cu ilədək qüvvədə olacaq. Memorandumun davamlılığı Şəbəkə üzvlərinin birgə rəyi əsasında uzadıla bilər. Koalisiya QHT-lərin könüllü birləşməsi nəticəsində yaradılıb, hüquqi statusa malik deyil və rəsmi qeydiyyatdan keçirilməsi nəzərdə tutulmur. Layihələr koalisiya şəklində təqdim olunacaq.