"Sərəncamlarıma cavabdehəm"- Abutalıbov milyonluq qalmaqaldan danışdı




Bir neçə gün əvvəl baş nazirin müavini Hacıbala Abutalıbovla bir qrup sahibkar arasında narazılığın yaranması haqqında məlumat yayılmışdı. Bu haqda “Unikal” qəzetinə məlumat verən mənbə iddia etmişdi ki, narazılığın yaranmasına səbəb vaxtilə Abutalıbovla sövdələşmiş on iki sahibkarla tikinti aparmaq icazəsi verilməməsi olub.

“Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi.

Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəi deyib.

Hacıbala Abutalıbov məsələ ilə bağlı Unikal.org-a zəng edərək, barəsində yayılan informasiyaya mövqeyini bildirib: “Mənə yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq. Yüksək ixtisas sahibləri və mütəxəssislərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəssis kimi tanınan Nadir Adıgözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. Müəyyən olundu ki, sərəncam qanunidir.

Bütün tikinti təşkilatları, nazirlik, komitə, şirkətlər tərəfindən müsbət rəylər alınıb. Tikintinin aparılması qanuni sənəd kimi, hətta nişan da verilib. Heç bir qanun pozuntusu yoxdur. Bununla əlaqədar olaraq şəxsən mən Nazirlər Kabineti adından imzaladım. Sənədləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdim ki, tikintinin aparılması qanunidir. Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mən imzaladığım sənədlə bağlı hər hansı problem yoxdur. Ona görə də həmin qadın çox sevinclə mənim yanımdan ayrıldı. Tikinti işləri bu gün də davam etdirilir. Qalan sahibkarların da hər hansı biri müraciət etsə, mən onlara müsbət cavab verərəm. Onlara üzümü tutub deyirəm ki, imzaladığım sərəncamlar qanunidir.

Çünki Bakı Şəhər İcra Hakmiyyətinin başçısı işlədiyim zaman tikintiyə icazə sənədi hazırlayan şöbə müdiri Nadir Adıgözəlov tərəfindən hazırlanmış o sənədlər tam qanunlara uyğundur. Tərəfimdən sərəncam verdiyim həmin sənədlərlə sahibkarlar tikinti apara bilərlər. Burada ikinci söz ola bilməz. Bir daha diqqətə çatdırıram ki, icra başçısı olduğum zaman imzaladığım bütün sərəncamlara özüm cavabdehəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu