Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldi
Qazaxıstanın Almata şəhərində keçirilən 17-ci "International Computer Project Olympiada-2019" (InfoMatrix)beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.
Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif sagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır.
“Chemistry pal” adlı layihənin məqsədi şagirdlərin kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.
Məktəb-liseyin direktoru Mətanət Cabbarova bildirib ki, Azərbaycan komandası ölkəmizi layiqli təmsil ediblər:
“Yarışmanın finalı bir neçə mərhələdən ibarət oldu. I gün Azərbaycanın təqdimatı, II gün proqramlaşdırma imtahanı, III gün isə müxtəlif ölkələrin milli musiqilərinin nümayişi baş tutdu. Bu gün artıq vətənə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Növbəti illərdə birincilik uğrunda mübarizə apararaq daha yüksək nəticə əldə etməyi qarşımıza məqsəd qoymuşuq”.
Qeyd edək ki, InfoMatrix müsabiqəsi hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilir. (axar.az)