“Gənc İqtisadçı” layihəsi başa çatıb
“Gənc İqtisadçı” layihəsi başa çatıb. Bu barədə yekun tədbirdə layihənin rəhbəri, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov bildirib.
S.Bağırov deyib ki, layihənin məqsədi Siyasət Yazısı hazırlaya bilən gənc mütəxəssislər yetişdirmək olub. “Bunun aktuallığı ondan irəli gəlir ki, hazırda Azərbaycan ali məktəblərində siyasət yazılarının hazırlanması bir qayda olaraq tədris edilmir. Nəticədə ali məktəbi bitirən məzun hansısa dövlət qurumu və ya tədqiqat mərkəzində fəaliyyətə başlayaraq, bu və ya digər problemi araşdırıb praktik tövsiyə və təkliflərin hazırlanmasında çətinliklər çəkir”.
S.Bağırovun fikrincə, əksər hallarda mütəxəssislərin hazırladığı yazılar elmi məqalə xarakteri daşıyır. “Elmi məqalə ilə Siyasət Yazısının arasında isə böyük fərqlər var. Birincisi, bir qayda olaraq alimlər camiyəsinə ünvanlanmış olur. İkincisi isə, qərar qəbul edənlər üçün hazırlanır. Bu da Siyasət Yazısının struktrunun, dilinin və həcminin müəyyən tələblərə uyğun olmasını tələb edir”.
Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CIPE) dəstəyi ilə həyata keçirilən layihədə 11 müxtəlif iqtisadi mövzularda Siyasət Yazısı hazırlanıb. “Layihəyə 31 gənc cəlb olunub. Hədəf ən azı 10 nəfər olsa da, 11 nəfər siyasət yazısı yazan gənc ekspert formalaşdı. Öncə onlara təlimlər keçirildi, tanınmış ekspertlərdən hər bir gəncə mentor-məsləhətçi təyin edildi. Onu da qeyd edim ki, tələbələrə mövzu seçmək imkanı da verilmişdi”, - deyə S.Bağırov qeyd etdi.
Layihənin ekspertlərindən professor Rasim Həsənov dedi ki, layihə gənc mütəxəssislərin yetişməsində xüsusi rol oynayıb. Xəzər Universitetinin professoru İnqilab Əhmədov gənc mütəxəssislərə ingilis dilinə yiyələnməyi tövsiyə elədi. “Əsas resurslar azərbaycan dilində yoxdur, əsasən ingilis dilindədir. Buna görə də, ingilis dilini bilmək çox vacibdir”.
Konsaltinq şirkətinin rəhbəri İlkin Qarayev isə bildirdi ki: “Biznesin kadralara ehtiyacı var. Bu yolla davam edin”.
Digər iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd etdi ki, layihə gözləntilərinin üstündə olub.
Ekspert qrupunun başqa üzvü Qalib Toğrul də bildirib ki, bu gənclər üçün böyük məktəb oldu: “İştriakçılar öz təklfilərinin təqdim etməyi öyrəndilər. Bu tələbələrin potensilından istifadə etmək lazımıdr.”
Gənc mütəxəssislərdən Lamiə Xudiyeva bu layihə onlara yeni imkanlar yaradıb: “Bizə nəyisə dəyişmək təklifini vermək imkanı yaratdınız. Bu layihədə öyrəndiklərimiz gələcək tədqiqatlarımızda xüsusi rol oyanyacaq”.
Layihənin nəticəsi olaraq 11 siyasət sənədinin əks olunduğu “Gənc İqtiadçıların Siyasət Yazıları Toplusu” nəşr edilib. Siyasət yazılarında əks etdirilən təkliflər S.Bağırovun sözlərinə görə yaxın zamanda hökumətə təqdim ediləcək.