“Sərhəddə Ticarət”- İİTKM-də gömrük sistemində görülən işlər və yeniliklərlə bağlı mətbuat konfransı keçirilib




Aprelin 20-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Doing Business hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib.



İİTKM-in departament rəhbəri Nicat Hacızadə Prezident İlham Əliyevin biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ümumi məlumatlar təqdim edib. Daha sonra gömrük orqanları qarşısında müəyyənləşdirilən vəzifələrin icrası ilə bağlı ticarətin asanlaşdırılması, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə və sənədləşmə proseslərinə sərf edilən vaxtın və vəsaitin azaldılması, “Yaşıl dəhliz” buraxılış sistemi, gömrük əməliyyatlarının elektronlaşdırılmasına dair təqdimat nümayiş etdirilib. Təqdimatı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev və qurumun şöbə rəisi Rövşən Namazov edib.

Bildirilib ki, son illərdə beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib. Eyni zamanda, xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azaldılıb. Bu rəqəm idxalda 3-ə, ixracda isə 2-yə endirilib.

Təqdimatda Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı da məlumat verilib. Bildirilib ki, sistemdən istifadə etmək məqsədilə daxil olan 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb, digər müraciətlərə isə baxılır. Artıq ixarcda 123, idxalda isə 159 şəxs sistemdən istifadə edir. Bu sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir. Sistemdəki bütün əməliyyatlar internetə çıxış imkanı olan istənilən məkanda elektron qaydada həyata keçirilir.

Diqqətə çatdırılıb ki, sərhədkeçmə prosesinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edən yeniliklərdən biri də “bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsidir. Bu layihə real vaxt ərzində gömrük-buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artırılmasına şərait yaradıb ki, bu da ticarətin sürətləndirilməsi üçün mühüm amillərdən hesab edilir.

Daha sonra bildirilib ki, gömrük sistemində informasiya texnologiyaları sahəsindəki ən son yeniliklərin tətbiq edilməsi nəticəsində artıq gömrük orqanları tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir. Xarici ticarət iştirakçıları ilə münasibətdə də bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri elektron qaydada həyata keçirilir.

Təqdimatda “Elektron hökumət” portalı vasitəsilə təqdim edilən gömrük xidmətləri, onlardan istifadə qaydaları barədə də məlumat verilib.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu