Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi
AFN// Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.
Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb: "Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Elektron qeydiyyatdan keçərkən valideynin qeyd etdiyi mobil nömrəyə SMS gəlir. Bundan sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər müvafiq sənədləri məktəbə təqdim edirlər.
Məktəbəhazırlıq qrupları müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb. Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.
Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub. Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb".