“Azərsu”yun mütəxəssisləri Almaniyada təlimdə iştirak ediblər
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqaz Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində “Azərsu” ASC uzun müddətdir Ludviqshafen səhərinin Kanalizasiya müəssisəsi ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının, Hövsan Aerasiya Stansiyasının mütəxəssisləri Ludviqshafen şəhərində keçirilmiş təlimlərdə iştirak edib.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr Şöbəsindən AFN-ə verilən məlumata görə, “Tullantı sularının analizi” mövzusunda keçirilən təlimlərdə mütəxəssislər Almaniyanın bu sahədəki təcrübəsi ilə yaxından tanış olub, nəzəri və praktiki biliklər əldə edib, tullantı su laboratoriyalarında birgə analizlər aparıblar. Təlimlərdə tullantı sutəmizləyici qurğuların istismarı, laboratoriyalarda aparılan analizlər, ekologi təhlükəsizlik və s. məsələlərlə bağlı bilgilər verilmiş, müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Səfər müddətində təlim iştirakçıları bu sahə üçün kadrlar hazırlayan təhsil müəssisəsində də olub. Məktəbinin müəllimi doktor Jozef Braydenbax içməli və tullantı su nümunələrinin analizi üzrə nəzəri bilikləri “Azərsu” ASC-nin əməkdaşları ilə bölüşüb, məktəbin laboratoriyasında birgə analizlər aparılıb.
Təlim dövründə Almaniyanın BASF korporasiyasının tullantı sutəmizləyici qurğularına səfər təşkil edilib. Burada məişət və sənaye tullantı sularının təmizilənmə texnologiyaları, tullantı sularının tərkibinə nəzarət edən laboratoriyaının fəaliyyəti ilə bağlı geniş bilgi verilib, laboratoriyada quraşdırılmış avadanlıqlar, onların iş prinsipi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
“Azərsu” ASC-nin mütəxəssislərinin Bad-Dürkhaym və Şpayer şəhərlərinin tullantı sutəmizləyici qurğularına da səfərləri təşkil edilib. Mütəxəssislər bu qurğularda tullantı sularının təmizləmədən əvvəlki və sonrakı tərkibinə nəzarət sistemiLə tanış olublar. “Azərsu” ASC-nin əməkdaşları Lüdviqshafen şəhərinin tullantıların idarə edilməsi və kanalizasiya müəssisəsinin rəhbəri Peter Nebel ilə də görüş keçirilib.
Qeyd edək ki, Lüdviqshafen şəhəri 1977-ci ildən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. Artıq bir neçə ildir ki, “Azərsu” ASC Lüdviqshafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir. Ötən müddətdə almaniyalı mütəxəssislərin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinə, Hövsan Aerasiya Stansiyasına və digər qurğulara səfərləri təşkil edilib. 2019-cu ilin payızında Ludviqshafen səhərinin Kanalizasiya müəssisəsinin ekspertlərinin Azərbaycana səfəri gözlənilir. Səfər müddətində almaniyalı mütəxəsilər tərəfindən laboratoriya əməkdaşları üçün təlimlər də keçiriləcək.