"Azərsu" sədri Fransa səfirini qəbul edib




Oktyabrın 9-da “Azərsu” ASC-də Fransa Respublikasının Azərbaycandakı səfiri Zakari Qros ilə görüş keçirilib.



Qurumdan AFN-ə verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə beynəlxalq maliyyə qurumları və qabaqcıl şirkətlərlə əməkdaşlıq edilir. Su təchizatı və kanalizasiya sektorunda Fransanın böyük təcrübəsinin olduğunu qeyd edən “Azərsu” ASC sədri Fransa hökuməti və şirkətlərinin Azərbaycanda içməli su və kanalizasiya layihələrində iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, 2006-2009-cu illərdə Fransa hökumətinin krediti hesabına Hövsan Aerasiya Stansiyası yenidən qurulub. SUEZ şirkəti ilə imzalanmış Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər və Fransa İqtisadiyyat Nazirliyinin Qrant Proqramı çərçivəsində həyata keçirilən FASEP layihəsi uğurla icra olunub. Ötən müddətdə Fransa Sahibkarlar Təşkilatına (MEDEF) daxil olan bir sıra şirkətlərin rəhbərləri ilə “Azərsu” ASC-də görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub. Hazırda həyata keçirilən layihələrdə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi nəzərə alınaraq bu sahədə fransız şirkətləri ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bilirib. O, Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə içməli su təchizatı və kanalizasiya sektorunda gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu