"Sabah residence" hər gün yol kəsib sürücülərə zülm edir - VİDEO+FOTOLAR
Günün istənilən vaxtı yolu kəsib tıxac yaradırlar
"Sabah residence" şirkəti Səbail rayonu, Xanlar küçəsində tikinti işləri aparır. Günün xüsusilə pik saatlarında betonqarışdıran maşınları yolda saxlayaraq ikitərəfli hərəkəti bağlayırlar. Bu yol günün pik saatlarında Bayıl qəsəbəsindən “Azneft” dairəsində daxil olan bilməyən sürücülər üçün alternativ yoldur. Amma "Sabah residence" son bir ayda hər gün betonqarışdıran maşınları burda saxlayaraq yolu bağlayır. Bu şirkətin günahı ucbatından sürücülər tıxacda ara məhəllələr ilə hərəkət etməli olurlar. Bu sürücülərin həm əsəblərini korlayır, həm də onların əlavə xərcə düşməsinə səbəb olur. Avtosfer.az-ın əməkdaşı dəfələrlə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət edib. Artıq 102 xidmətinə də müraciət olunub. Lakin görünən odur ki, heç kim bununla bağlı zəruri tədbirlər görə bilmir. "Sabah residence" şirkəti isə bu özbaşınalığını açıq-aşkar davam etdirir. Hansı ki, yol hərəkəti haqqında qanunun tələblərinə görə, yollar bağlanan zaman aidiyyəti qurumlarla razılaşdırma olmalıdır. Günün pik saatlarında yox, boş vaxtlarda təhlükəsizlik tədbirləri görülməklə həyata keçirilə bilər. Amma "Sabah residence" bütün bunlara əməl etməyərək insanlara ziyan vurmaqda davam edir.
Hətta tikinti şirkəti o qədər özbaşınalıq edir ki, yaxınlıqda 203 saylı məktəb yerləşdiyi halda səhər saatlarında da yolu bağlı saxlayır. Ən biabırçı mənzərə isə odur ki, şirkətin qanunsuz olaraq bağladığı Xanlar küçəsinin alternativi olan Əlibəyov qardaşları küçəsində də hərəkət məhdudlaşdırılıb. Şirkətin yük maşınları yolun bir tərəfini tamamilə bağlayıblar. Odur ki, avtomobillər bir-birini gözləməklə keçməyə məcbur olurlar. Nəticədə isə Bayıl qəsəbəsində hərəkət tamamilə dayanmış olur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən bu kimi hallar üçün cərimə nəzərdə tutulur. Maddədə deyilir ki, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına, təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə, tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Ərazidən hazırlanmış videomaterialı təqdim edirik:
Mənbə: Avtosfer.az