ABŞ-Türkiyə münasibətlərinin kəskinləşməsi Azərbaycana necə təsir edə bilər? - ŞƏRH
“Türkiyə-Amerika münasibətlərinin daha da gərginləşməsi Azərbaycana birbaşa təsir etməyəcək”.
Bunu politoloq Fərhad Mehdiyev AFN-ə açıqlamasında qeyd edib. O, bildirib ki, Azərbaycan-ABŞ ilə Azərbaycan-Türkiyə münasibətləri arasında birbaşa əlaqə yoxdur: “Beynəxalq münasibətlərdə bir qayda olaraq, iki ölkə arasında əlaqələr 3-cü dövlətə birbaşa təsir göstərmir. Xatırlayırsınızsa, təyyarə krizinə görə Türkiyə- Rusiya münasibətləri çox pozulmuşdu. Lakin bu, bizim ölkənin rəsmi Moskva ilə əlaqələrinə təsir etmədi, münasibətlər olduğu kimi də davam etdi. İndi eyni sözü Azərbaycan-ABŞ əlaqələri ilə bağlı da demək olar. Yəni rəsmi Ankara ilə Ağ Evin münasibətləri nə qədər pisləşsə də, bunun bizə birbaşa təsiri olmayacaq”.
Politoloq onu da qeyd edib ki, Türkiyə ABŞ kimi müttəqifi itirəndən sonra digər müttəfiqlərin arayışına başlayacaq: “Bu halda rəsmi Ankaranın digər ölkələrin, o cümlədən də Azərbaycanın dəstəyinə daha çox ehtiyacı olacaq. Nəticə etibarı ilə, Türkiyə daha çox Rusiyaya yönələcək. Bildiyiniz kimi, hazırda Avropa ölkələri Türkiyəyə silah satışını dayandırıb. ABŞ da hərbi avadanlıqlarla bağlı qadağa qoyarsa, bu zaman Türkiyə ehtiyacını qarşılamaq üçün Rusiyaya üz tutmalı olacaq, başqa bazarlar axtaracaq. Ola da bilər ki, Türkiyə Azərbaycanla ortaq silah istehsalına dair əməkdaşlığı artırsın”.
F.Mehdiyev Türkiyə üçün nəzərdə tutulan yeni sanksiyalarla bağlı da fikirlərini bölüşüb. O, bildirib ki, ABŞ Konqresi tərəfindən Türkiyəyə qarşı hərbi yardımın dayandırılması, NATO-dan çıxarılması kimi təkliflər irəli sürülüb: “Lakin başqa sanksiyalar da əlavə edilə bilər. ABŞ prezidenti Donald Tramp Türkiyədən alınan polada əlavə 50 faiz vergi qoyulacağını da bəyan edib. Bu qərar tətbiq olunacaq. Həmçinin Türkiyənin “Xalq bank”ı ilə bağlı da sanksiyalar gözlənilir. Artıq ABŞ mətbuatında bu barədə yazılar dərc olunur. İddia edilir ki, “Xalq Bank”ın İrana millyonlarla dollar vəsait köçürməsində Türkiyənin yüksək vəzifəli şəxsləri də iştirak edib. Onu da qeyd edək ki, Ağ Ev yeni sanksiyalar tətbiq etsə, Türkiyə iqtisadiyyatına zərbə dəyəcək. Çünki ABŞ-ın iqtisadi rıçaqları olduqca güclüdür”.
Qeyd edək ki, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatı bir sıra dövlərlərin, o cümlədən də ABŞ-ın ciddi narazılığına səbəb olub. Etiraz olaraq, ABŞ prezidenti D. Tramp və ölkənin digər rəsmi şəxsləri Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Könül CƏFƏRLİ