Həmin dalğa, həmin koordinat... – Azay Quliyevin dəstəsi öz ampluasındadır




AFN-də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevlə bağlı məlumat dərc edilib. Məlumat A.Quliyevin özünün feysbuk səhifəsində paylaşdığı videoya əsasən hazırlanıb. Şuranın maliyyəsi ilə fəaliyyət göstərən QHT TV-nin A.Quliyevlə bağlı hazırladığı süjetdən söhbət gedir. İş adamlarından birinin biznesinin A.Quliyevin adına çıxılması ilə bağlı hazırlanan süjetdə A.Quliyevin deputatlıq fəaliyyəti geniş şəkildə, görüntülərlə təbliğ edilir. Videonun A.Quliyevin profilində yayımlanan variantında nə tarix var, nə ay, nə il. AFN-in jurnalisti materialın təzə olduğunu (haqlı olaraq) düşünüb və bunun seçki qanunvericiliyinə zidd olduğunu yazısında qeyd edib. Üstəlik, məsələ ilə bağlı ekspert mövqeyi alınıb, bunun Seçki Məcəlləsi ilə ziddiyyət təşkil etdiyi göstərilib.



Məsələyə reaksiyanı isə nədənsə A.Quliyevin seçki qərargahı deyil, QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud verib. Hansı ki, bu da bir qanun pozuntusu hesab edilə bilər. Çünki E.Behbud dövlət büdcəsi hesabına maliyyələşən qurumda işləyir və namizədin təbliğatında iştirak edə, onun mətbuat məsələləri ilə məşğul ola bilməz. Bunu redaksiyamıza mövqe təqdim edərkən centlmencəsinə Elməddin bəyin də diqqətinə çatdırdıq və əleyhlərinə işləyə biləcəyini dedik. Bu bizim centlmenliyimiz...
E.Behbudun göndərdiyi mövqe yazısını jurnalist borcu olaraq dərc etdik. Yazıda göstərilirdi ki, QHT TV həmin videonu ötən il çəkib. Yəni seçkidən əvvəl. Söhbətin dərininə getmədən, səhvin Azay Quliyev tərəfindən edildiyini, həmin videonun onun səhifəsində yeni material kimi təqdim edildiyini irad tutmadan mövqe yazısını sayta yerləşdirdik. Lakin həmişəki kimi, şuranın işçiləri hay-küy salmaqda maraqlı oldular. Bizə göndərilən mövqe yazısının daha “təkmil” formasını ictimailəşdirib, Şuradan qrant alan QHT-çilərin “dəstəyini” almağa, ünvanımıza hədyanlar səsləndirməyə başladılar.
Tam 3 il əvvəl də belə bir hal olmuşdu. QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı araşdırma aparmışdıq. Orada rəsmi tender.gov.az (rəsmi dövlət qurumunun resursudur-red.) saytında getmiş yanlış informasiyaya əsaslanıb (yenə haqlı olaraq) məlumat qeyd etmişdik. Şuranın icraçı direktoru Fərasət Qurbanovun adı keçən həmin məlumatın dövlət qurumları arasında baş vermiş yanlışlıq əsasında meydana çıxdığını elə Fərasət müəllim özü etiraf etmiş, biz isə onun adının yanlışlıqla yazıda qeyd edildiyini növbəti yazımızda vurğulamışdıq. F.Qurbanovla görüşümüzdə haqqımızda hədyanlar yayan Şuranın kişi işçilərinin bizdən üzr istəmək istədikləri bildirilmişdi. Lakin Azərbaycan kişisinin üzr istə(dil)məsinə qarşı çıxaraq buna lüzum olmadığını deyib imtina etmişdik. Həmin görüşün nəticəsi olaraq Fərasət müəllim haqqında düzəliş xarakterli yazı yazmışdıq. Üstündən 1 gün keçməmiş həmin kişi işçilər o yazını bizim “səhvimizi etirafımız” kimi təqdim edərək mediada yaymağa başlamışdılar. Fərasət müəllimin müdaxiləsindən sonra yaydıqları kimi də yığmışdılar saytlardan.
Eyni durumdur. Adamların üzərinə getmək istəmirsən, öz yanlışlıqlarını üzlərinə vurmaq istəmirsən, amma borclu çıxırsan. ŞURANIN mətbuat xidmətinin rəhbəri NAMİZƏD Azay Quliyevin yanlışa yol verdiyini etiraf etmək istəmədən üzərimizə gəlir. Həm də başının dəstəsilə. Bizim cavabımız isə əlahəzrət faktdır. Buyurun baxın, Azay Quliyevin özünün feyzbuk səhifəsində (https://www.facebook.com/AzayQuliyev/?epa=SEARCH_BOX) yayımlanan videoda hansısa tarix varmı? Buna (https://www.facebook.com/AzayQuliyev/videos/478670216420002/) baxan istənilən şəxs düşünə bilər ki, video yenidir və təbliğat məqsədi daşıyır. Əslində bunun özü də bir texnologiyadır: Youtube variantında olan videonu linksiz paylaşmaqla A.Quliyev hər bir halda təbliğatla məşğuldur. Əks halda, heç olmasa videonun təqdimat mətninə bir cümlə izah əlavə etmək olardı.

P.S. Bir neçə gün öncə Elməddin Behbuda mövzu çərçivəsində Azay Quliyevin təbliğat-təşviqat prosesinin gedişatı ilə bağlı suallar ünvanlamışdıq. Onda bildirmişdi ki, seçki prosesində iştirak etmir, ona görə sualları cavablandıra bilməz.
P.P.S. Növbəti yazımızda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə fəaliyyət göstərən saytların A.Quliyevin təbliğatı ilə məşğul olması haqda yazacağıq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu