Dörd namizəd Azay Quliyevdən MSK-ya şikayət etdi - "Qanunu pozur..."
8 Saylı Binəqədi Birinci Seçki Dairəsindən Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə namizədliyini irəli sürmüş bir neçə səxs MSK sədri Məzahir Panahova Azay Quliyevin qanunazidd əməlləri ilə bağlı şikayət müraciət edib.
AFN MSK sədrinə olunmuş müraciəti təqdim edir:
Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova
Surəti: 8 Saylı Binəqədi Birinci Dairə Seçki Komissiyasının sədri cənab Natiq Əliyevə
Hörmətli Məzahir müəllim,
09 Fevral 2020-ci il tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 8 saylı Binəqədi Birinci Seçki dairəsindən namizədliyi qeydə alınmış Azay Əjdər oğlu Quliyevin seçki qanunvericiliyini kobud şəkildə pozması ilə bağlı Sosial şəbəkələrdə və Kütləvi informasiya vasitələrində bir çox məlumatlar yayılmışdır. Belə ki, dərc olunan və yayılan məlumatlarda deputatlığa namizəd A.Quliyevin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifəsindən istefa vermədən təbliğat-təşviqat kampaniyası aparıldığı bildirilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.3-cü maddəsində “Dövlət vəzifələrində olan qeydə alınmış namizədlər öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər” deyə təsbit olunmuşdur.
69.5-ci maddədə isə qeyd olunur ki, “Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçki qabağı təşviqat aparmaq hüququ vardır”
Seçki Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunur ki, “İctimai Teleradio Təşkilatları və Dövri nəşrlərin redaksiyalarının təsisçiləri, Dövlət orqanları, təşkilatları, idarələri olduqda qeydə alınmış namizədlərə seçki qabağı proqramlarını təbliğ etməkdən ötrü bərabər şərait yaradırlar”. Lakin Facebook və Youtube kimi sosial şəbəkələrdə Dövlət vəsaiti hesabına yaradılmış QHT TV kanalında yalnız A.Quliyevin seçki qabağı təşviqatı ilə əlaqədar materiallar var. Seçicilərlə keçirdiyimiz görüşlərdə, Ə.Naxçıvanı küçəsindəki 276 saylı orta məktəbdə yerləşən məntəqələrdə və yaxınlıqdakı digər məntəqələrdə yalnız A.Quliyevin təbliğatının aparıldığı, müəllimlərə ona səs verilməsini, şagirdlərə valideynlərinin şəxsiyyət vəsiqələrini məktəbə gətirmələrini tapşırıldığı barədə məlumatlar səsləndi. Anoloji təbliğatın məntəqələrin yerləşdiyi digər təhsil və məktəbəqədər müəssisələrdə də aparıldığı fikri seçicilər arasında yayılmaqdadır.
Azay Quliyevin təşviqatında Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin və MKİS-in işçilərinin xüsusi canfəşanlıq göstərdiyinin, təşviqat qrupunun üzvləri kimi materialları seçicilərə çatdırdıqlarının, namizədin şəkillərini müxtəlif ticarət və iaşə obyektlərinə yapışdırdıqlarının, bizlərin, yəni digər namizədlərin anoloji təbliğat materiallarını isə cırdıqlarının, çıxararaq yerə atdıqlarının şahidi olmuşuq. Təbliğat-təşviqat prosesində seçicilərin bir qismi mənzillərə MKİS-in işçilərinin zəng vuraraq hansısa məqsədlə seçkidə iştirak etməyəcək şəxslərin siyahısını tərtib etməklə məşğul olduğu barədə məlumatlar səsləndirdi. Bu da onu göstərir ki, icra strukturları ölkə başçısının seçkilərin demokratik keçirilməsi, yeni çevik Parlament seçilməsi barədə çağırışlarına keçmiş “ənənəvi” metodlarla mane olmağa çalışırlar.
Qeyd olunan məlumatların araşdırılmasını və faktlar təsdiqini tapdığı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini və bizə rəsmi cavab verilməsini Sizdən xahiş edirik.
05.02.2020
Hörmətlə,
8 Saylı Binəqədi birinci Seçki dairəsindən deputatlığa namizədlər
Xəyal Məmmədxanlı
Rafiq İmanov
Ağasif İbrahimov
Rüfət Rəhimov