İcazə ala bilməyən jurnalistlərə görə Nazirlər Kabinetinə müraciət edildi
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimini sərtləşdirilib. Bu müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-lərin tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir”.
AFN Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O, əmək müqaviləsi olmayan jurnalistlərlə bağlı da məsələdən danışıb:
"O da məlumdur ki, Azərbaycanda əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlər var. Onlar müxtəlif KİV-lər üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-lərdə bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb.
Ümüd edirik ki, məsələ tezliklə müsbət həllini tapacaqdır”.