"Mercedes-Benz" GLE və GLS-i geri çağırır, Azərbaycandakı rəsmi diler isə xüsusi endirimlə satır


"Mercedes-Benz"in Azərbaycandakı rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi” MMC bir müddət əvvəlbir neçə model avtomobilə endirim elan edib.


AFN.az xəbər verir ki, xüsusi endirimlə təklif olunan modellər arasında "Mercedes GLE" və "Mercedes GLS" də var. Maraqlıdır ki, məhz qeyd edilən modellərlə bağlı istehsal xətası çıxıb. Belə ki, "Mercedes-Benz" baş verə biləcək yanğın təhlükəsi səbəbilə dünya üzrə təxminən 341 min avtomobili geri çağırıb. Şirkətdən verilən açıqlamada bildirilir ki, geri çağırılması qərara alınan avtomobillərdən 11 mini Almaniyadadır.
Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi açıqlama yayaraq bildirib ki, geri çağırılan modellər 2017-2023-cü illər arasında istehsal olunan GLE və GLS-dir. Bu modellərdə ön sərnişin oturacağının altında aşkarlanan çatışmazlıq temperaturun artmasına və yanğın təhlükəsinin yaranmasına səbəb bilər. Bu səbəbdən də şirkət problemlə bağlı araşdırma aparmaq və lazım gələrsə nöqsanı aradan qaldırmaq üçün avtomobilləri geri çağıraraq yoxlamağa qərar verib.
“Abşeron Avtomobil Mərkəzi” MMC-nin sosial şəbəkələrdə və mediada ard-arda elan verərək xüsusi endirim təklif etdiyi modellərin də məhz 2023-cü il istehsalı olduğunu nəzərə aldıqda ortaya bir sıra suallar çıxır: Azərbaycanda bu modeldən olan neçə avtomobil satılıb? "Mercedes-Benz"in Azərbaycandakı rəsmi dileri neçə avtomobili geri çağırıb? Ümumiyyətlə, ölkəmizdə geri çağırma reallaşdırııbmı? Xüsusi endirimlə təklif edilən GLE və GLS modelləri aşkarlanan nöqsana qarşı yoxlamadan keçibmi? Bütün bu suallara cavab almaq üçün "Mercedes-Benz"in Azərbaycandakı rəsmi dileri ilə əlaqə saxlamağa çalışdıq. Lakin MMC-nin rəsmi saytında və sosial şəbəkə hesablarında qeyd edilən nömrələrə zəng etsək də, cavab verilmədi. Suallara aydınlıq gətirmək üçün mövzunu gündəmdə saxlayacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu