Dövlətin ayırdığı milyonlar və ayaqqabı fabrikinin şübhəli tenderləri
ASK Ayaqqabı Fabriki Məhdud Məsuliyyətli Cəmiyyəti əsas və köməkçi materialların satınalınması müsabiqəsinə yekun vurub.
721 min 797 manat 13 qəpik məbləğində olan tenderin qalibi 07.08.2017 tarixində yaradılan Elmanado MMC olub.
Tenderin şərtlərinə görə, xəz dəri, suni dəri, yapışqan və s. məmulatlar tədarük olunacaq.
ASK Ayaqqabı Fabriki MMC-nin fəaliyyəti, eləcə də Azərbaycanda ayaqqabı istehsalı ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda sözugedən istehsal sahəsi çox bərbad vəziyyətdədir. 2018-ci ilin ilin statistik rəqəmlərinə görə, Azərbaycanda əhalinin hər 100 nəfərinə 1 cüt ayaqqabı istehsal olunub. Son 3 ildə bu sahədə vəziyyətin əsaslı dəyişdiyi müşahidə olunmur. Bu isə o deməkdir ki, ölkənin ayaqqabı bazarı, demək olar ki, bütünlüklə xarici idxaldan asılıdır. Daxili tələbatın çox cüzi bir hissəsi yerli istehsal hesabına təmin olunur.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı (2010-2015) çərçivəsində Azərbaycan Beynalxalq Bankının ayırdığı kreditlər hesabına maliyyələşən bir neçə sənaye müəssisələri arasında BOT Ayaqqabı Fabriki də olub. Hələ 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılmış bu müəssisə 15 ildən çox bir müddətdə yerli bazarda ayaqqabı istehsalı sahəsinin başında dayanıb. Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanından sonra Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmiş onlarla sənaye müəssisələrindən biri də BOT Ayaqqabı Fabrikinin bazasında yaradılmış ASK Ayaqqabı Fabriki Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
ASK Ayaqqabı Fabriki MMC-nin 09.03.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Nobel pr. ev 23 olan MMC-nin nizamnamə kapitalının 9720786.00 AZN, qanuni təmsilçisinin Bağırov İlham Fikrət oğlu olduğu göstərilib.
Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətin rəsmi portalında isə fabrikin fəaliyyəti barədə çox qısa məlumat yerləşdirilib. Orada yerləşdirilən məlumatlara görə fabrik Azərbaycanda güc strukturları əməkdaşlarının, hərbi qulluqçuların qış-yay ayaqqabıları ilə təmin edir. Mediada yayılan məlumatlara görə, MMC hər il bu məqsədlərlə külli miqdarda dövlət vəsaiti xərcləyir. Dövlət Satınalmalar Portalının saytında MMC-nin 2019-2020-ci illər ərzində 5 satınalma müqaviləsi bağladığı göstərilir:
ASK Ayaqqabı Fabriki MMC-nin 24 sentyabr 2019-cu il tarixdəki elanına görə, təkliflər sorğusu üsulu ilə ayaqqabı istehsalında istifadə olunan müxtəlif növ xrom dərilərin satınalınması ilə əlaqədar satınalma müsabiqəsinin qalibi Seyfulla & Kövsər MMC olmuşdur və 162 604.00 AZN məbləğində müqavilə bağlanıb. Xromla aşılanmış 1 800 000 dm2 üzlük dərinin satın alınması üzrə 30.01.2019-cu il tarixdə elan olunmuş tenderin də qalibi Seyfulla & Kövsər MMC olub və tərəflər arasında 955 800.00 manat məbləğində müqavilə bağlanıb.
ASK Ayaqqabı Fabriki MMC tərəfindən 29 dekabr 2019-cu il tarixində elan edilmiş elektron açıq tenderdə (üzlük xrom və astarlıq dəri) Seyfulla & Kövsər MMC qalib elan olunub. Qeyd olunan təşkilat ilə müvafiq satınalma müqaviləsi bağlanıb, lakin burada məbləğ göstərilməyib.
ASK Ayaqqabı Fabriki Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.02.2020-ci il tarixdə üzlük xrom və astarlıq dəri satınalması üzrə 2135328 manat dəyərində keçirilmiş müsabiqənin qalibi Seyfulla & Kövsər Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalmaların elektron portalında yerləşdirilmiş məlumatlara görə, 05.03.2020-ci il tarixdə də üzlük xrom və astarlıq dəri üzrə 2135328 manat dəyərində müqavilə də Seyfulla & Kövsər MMC ilə bağlanıb.
ASK Ayaqqabı Fabriki MMC-nin 02 iyul 2020-ci il tarixində yaydığı elana görə "1920000 dm2 üzlük xrom dəri”nin satın alınmasına dair açıq elektron tender ilə keçirilən satınalma prosedurunun qalibi Seyfulla & Kövsər MMC olub. Həmin şirkət ilə 20.08.2020-ci il tarixində ƏDV daxil 974 208,00 AZN məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, bundan cəmi bir həftə əvvəl, 13.08.2020-ci il tarixdə üzlük xrom dəri satınalması üzrə 996 864 manat dəyərində müqavilə də Seyfulla & Kövsər MMC ilə bağlanıb. Bu isə o deməkdir ki, ASK Ayaqqabı Fabriki MMC cari ilin pandemiya ilə əlaqadər karantin rejimi elan olnduğu beş ayı ərzində Seyfulla & Kövsər MMC ilə 4 milyon manatdan çox satınalma müqaviləsi bağlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Seyfulla & Kövsər MMC-nin Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində 30.12.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi unvanı Sumqayıt şəhəri, Tuq-zavod qəsəbəsi olan MMC-nin nizamnamə kapitalı 25 manat, qanuni təmsilçisinin Hüseynova Reyhan Məhəmməd qızı olduğu göstərilir.
Mediada yayılan məlumatlara görə, bunlardan başqa ASK Ayaqqabı Fabriki MMC-nin 08 iyun 2020-ci il tarixindəki elanına görə, "ayaqqabı istehsalı üçün əsas və köməkçi materiallar”ın satın alınmasına dair təkliflər sorğusu ilə keçirilən satınalma prosedurunun qalibi "Dariservis” MMC olub. Həmin şirkət ilə 22.06.2020-ci il tarixində ƏDV daxil 426 037.23 manat məbləğində satınalma müqaviləsi imzalanıb. "Dəftərxana və təsərrüfat mallar”ının satın alınmasına dair 14 may 2020-ci il tarixində elan olunmuş kotirovka sorğusu ilə keçirilən satınalma prosedurunun qalibi isə "Global Stationery Office” MMC olub. Həmin şirkət ilə 08.06.2020-ci il tarixində ƏDV daxil 8286,963 AZN məbləğində satınalma müqaviləsi imzalanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "Dariservis” MMC-nin Gəncə şəhərindəki 12 saylı Ərazi Vergilər Baş İdarəsində 03.10.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi unvanı Bakı şəhəri,Nəsimi rayonu Cəlil Məmmədquluzadə ev 108, mən 17 olan MMC-nin nizamnamə kapitalının 100 manat, qanuni təmsilçisinin isə Zeynalov Şakir Mikayıl oğlu olduğu göstərilir.
Aktualinfo.orq saytının araşdırmasına görə, ASK Ayaqqabı Fabriki ”VOSTOK-SERVİS BAKI”, ”PROFF LOGİSTİCS”, "Global Stationery Office”, "Hermes ZF”, "Blue Water Shipping Caspian”, ”Zilbar”, ”NMZ-GROUP”, "Divac-96”, "REDLAN”, "Billur ticarət” kimi MMC-lərlə müqavilələrin bağlanması ilə əlaqədar verilmiş elanlarda ayrılmış vəsaitlərin məbləğı açıq göstərilməyib. Digər tərəfdən də sözügedən MMC-lərin əksəriyyətinin fəaliyyət dairəsi barədə açıq internet üzərindən heç bir məlumat əldə edə bilmədik. Bu isə sözügedən MMC-lərin nə yüksək səviyyədə maddi-texniki bazasının, nə də ixtisas göstəricilərinin uyğun olmamasından xəbər verir. Bu gün tenderdə qalib gəlmiş "Elmanado” MMC ilə bağlı da internet resurslarında məlumat yox səviyyəsindədir. MMC-nin adı ancaq iş elanlarında görsənir…(Qaynarinfo)