Ən yaxşı şəkərbura belə hazırlanır: RESEPTİ VƏ QAYDASI

Ən Ləzzətli Şəkərbura Resepti – AFN Kollektivindən Novruz Hədiyyəsi
Xalqımızın sevimli bayramı – Novruz yaxınlaşır! Cəmi iki gün sonra ilaxır çərşənbə qeyd ediləcək. Əsrlərin sınağından keçmiş adət-ənənələrimizə uyğun olaraq, hər bir evin süfrəsi şəkərbura, badambura, paxlava kimi şirniyyatlarla bəzədilir. AFN kollektivi, bu il oxucular üçün ən yaxşı şəkərbura reseptini təqdim edir.
Şəkərbura üçün lazım olanlar:
Xəmir üçün:
- 1 kq un
- 250 q yumşaldılmış kərə yağı
- ⅓ çay qaşığı quru maya
- ½ çay qaşığı şəkər tozu (pesok)
- 1 çimdik duz
- 2 yumurta
- Təxminən 2 stəkan ilıq süd (apardığı qədər)
İçlik üçün:
- 500 q ağardılmış fındıq ləpəsi
- 400 q şəkər tozu
- ½ xörək qaşığı üyüdülmüş hil
Hazırlanma Qaydası:
- Unu ələyib yoğurma qabına tökün. Ortasını açaraq yumşaldılmış yağı, mayanı, şəkər tozunu və çalınmış yumurtaları əlavə edin.
- Tədricən süd əlavə edərək orta bərklikdə xəmir yoğurun. Xəmiri selofana büküb soyuducuda 5 dəqiqə saxlayın.
- İçliyi hazırlamaq üçün fındığı blenderdən keçirin, şəkər tozu və hil əlavə edib qarışdırın.
- Xəmirin yarısını ayırıb yumurta boyda kündələr tutun. Hər kündəni fincan ağzı böyüklüyündə yayaraq selofan altında üst-üstə düzün.
- Hər dairənin içinə 1 xörək qaşığı içlik qoyub aypara formasında bükün. Bükdüklərinizi selofanın altında saxlayın.
- Sonra şəkərburaların üzərinə maqqaşla naxış vurun və soba tavasına düzün.
- Əvvəlcədən 150°C-də isidilmiş sobada təxminən 20–25 dəqiqə (altı yüngül qızarana qədər) bişirin.
Qeyd: Bəzi xanımlar xəmirə xama əlavə etsə də, biz bunu tövsiyə etmirik. Çünki xamasız xəmir naxışı daha yaxşı saxlayır və şirniyyat uzun müddət qurumadan qalır.
Nuş Olsun və Bayramınız Mübarək!