Xəstəlik növünün kodları dəyişdirilib və... - əlilliyin təyinatı ilə bağlı ŞOK İDDİA


"Agsu rayonunda heç bir əlilə müsbət cavab gəlməyib".


Belə bir iddia ilə vətəndaş Elmira Hüseynova bildirib. Onun sözlərinə görə, rayonda bütün əlillərin hamısına imtina gəlib: "Hələ də kimin komissiya vaxtıdırsa, onlara da imtina gəlməkdə davam edir. Bu proses bir ildir davam edir. Nazir Sahil Babayev televizorda çıxışında deyirdi ki, bu ay 7000 adamın əlilliyini kəsdik. Keçən ay altı min əlilliyi ləğv etdik. Saxtadır deyə kəsirik. Demək, yalan imiş. Yeni əlillik dərəcəsi meyarları tərtib ediblər. Yəni loru dildə desək, hansı xəstəliklərə əlillik düşür. Qalan xəstəliklər isə demək müalicə yoluyla keçib gedirmis. Bu da nazirliyin taktikasıdır".
E.Hüseynovanın irəli sürdüyü daha bir iddia xəstəlik kodları ilə bağlıdır. Vətəndaş bildiri ki, xəstəlik növünün kodlarını dəyişiblər: "Xəstələrin sənədi xəstəxanalar tərəfindən sistemə vurulanda, köhnə kodlarla vurulur. Ona görə də hamıya imtina gəlir. Yeni kodlar da xəstəxanalara verilmir. Əvvəllər hansı xəstəliklər əlilliyə düşürdüsə, indi o xəstəliklər əlilliyə düşmür. Guya müalicə ilə keçib gedirmiş. Üc-dörd gün öncə İTV-də nazirlik işçisi dedi ki, xəstəxanalar adamın xəstəlik kodunu sistemə səhv vururlar. Ona görə də biz istər-istəməz imtina göndəririk. Amma demədi ki, kodu xəstəxanalara vermirik. Ay nazirlik işçisi, siz kodları xəstəxanalara verin. Onlar da kodu düzgün vursunlar sistemə. Axı kodu vermirsiniz. Nə oldu, elə bütün xəstəxanalar hamısı kodu səhv yazıb göndərdi? Bunu da deyir ki, sistemə kodu vuranlar savadsızdırlar. Yəni xəstəxanalarda işləyənlər hamısı savadsız oldular? Savadları yoxdursa, niyə işləməyə icazə vermisiniz? Axı səbəb bu deyil! Səbəbin böyüyü özlərinin tərtib etdiyi əlillik meyarıdır. Yəni əlilliyə düşən xəstəlikləri siliblər. Guya ki, bu xəstəliklər sağalan xəstəliklərdir. Əsas səbəb budur. Yəni biz əlillərə pensiya vermək istəmirik”.

E.Hüseynovanın şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız sorğunun cavabında bildirildi ki, “Ağsu rayonu üzrə əlilliyi olan şəxslərə əlillik dərəcələrinin verilməsindən imtina edilməsi barədə qeyd edilənlər tamamilə əsassızdır: "Əlilliyin qiymətləndirilməsi üçün səhiyyə müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş bütün göndərişlərə qanunvericiliyə uyğun qaydada baxılaraq, nəticəsinə uyğun qərar verilir. Bu proses də hazırda davam edir, o cümlədən Ağsu rayonu üzrə də əlilliyin qiymətləndirilməsi işləri normal axarda davam edir. Hər hansı şəxsə dair göndəriş e-sistemə daxil olunduqdan sonra baxılması üçün tibbi-sosial ekspert komissiyalarına adsızlaşdırılmış qaydada göndərilir. Ekspert komissiyası göndərişin kimə aid olduğunu, hansı səhiyyə müəssisəsindən daxil olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında əlilliyi qiymətləndirir. Əgər göndərişdəki məlumatlar şəxsə əlillik dərəcəsi təyin olunmasına əsas yaradırsa, əlillik təyin edilir, əks halda imtina qərarı verilir. Bununla yanaşı, hansı halda ki, göndəriş natamam doldurulur, belə halda da əlilliyin qiymətləndirilməsi mümkün olmur və göndəriş yenidən səhiyyə müəssəsinə göndərilir ki, yenidən və qaydasında doldurularaq sistemə daxil edilsin. “Xəstəlik növünün kodlarının dəyişməsi, yeni kodların xəstəxanalara verilməməsi” fikirləri isə ümumiyyətlə kiminsə aydın olmayan, absurd düşüncəsindən başqa bir şey deyil”.

NİGAR




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu